Qadınların elm və təhsildə rolu, eyni zamanda təhsil sahəsində gender bərabərliyinin təmin olunması sahəsində Azərbaycan əsl nümunə sərgiləyir. Sevindirici haldır ki, dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizini qızlar təşkil edirsə, ölkəmizdə bu rəqəm 40 faizdir. 100 faizə yaxın savadlılıq göstəricisi olan Azərbaycanda qadınların elm və təhsilə marağı həm də dövlət siyasətinin nəticəsidir. Keyfiyyətli təhsilə əlçatanlığın təmin olunması ölkədə həyata keçirilən uğurlu qadın siyasəti ilə şərtlənir. Çünki məhz bu siyasət nəticəsində ölkəmizdə qadın hüquqları tam şəkildə təmin olunur. Nəticədə Azərbaycan qadını ictimai-siyasi həyatda layiqli mövqeyini tutaraq, ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini verməkdədir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Onun fikrincə, ICESCO “2021-Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə aktual məsələlər diqqət mərkəzində oldu:
“Birinci vitse-prezident Mehriban Əliyevanın konfransda fəxri qonaq qismində iştirakı Azərbaycanın bu platformada ali səviyyətə təmsil olunması deməkdir. Mehriban xanım Əliyevanın da qeyd etdiyi kimi, qadınların təhsil və elmdə iştirakının inkişafı ilə bağlı ölkəmizin həyata keçirdiyi siyasətin yüksək qiymətləndirilməsinin təzahürüdür. Azərbaycan qadını tarixən zəngin mənəvi dəyərlərin təbliğatçısı olub. Qadınlarımız hər zaman ictimai-siyasi proseslərdə fəallıq nümayiş etdirib. Müstəqillik dövründə bütün sahələrdə olduğu kimi, Azərbaycanda qadın siyasəti də təkmil əsaslarla həyata keçirilməyə başladı, bütün sahələrdə uğura imza atan qadınlarımızın sayı artdı”.
Deputat qeyd edib ki, ölkəmizdə birinci vitse-prezidentlik institutunun yaradılması, dövlət idarəçiliyində gender bərabərliyinin tam təmin edilməsi Azərbaycanın bu sahədə geniş təcrübəyə malik olduğunu göstərir:
“Bu gün Azərbaycan qadınları ölkənin həm sosial-iqtisadi, həm də ictimai-siyasi həyatında fəal iştirak edir. Hakimiyyətin bütün qollarında zərif cinsin nümayəndələri nüfuzlu postlar tutur. Ali qanunverici orqan olan Milli Məclisdə spiker başda olmaqla 22 qadın parlamentari təmsil olunur”.
Könül Nurullayeva elm, texnologiya və innovasiyanın cəmiyyətlərin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsinə çevrildiyi bir vaxtda qadınların təhsili, onların elm sahəsində iştirakının yeni çağırışlara uyğunlaşdırılmasından bəhs edib:
“Bu mənada xanımların iştirak səviyyəsinin yaxşılaşdırılması üçün elm sahəsində gender boşluğunun doldurulmasına bütün dövlətlər töhfə verməyə çalışmalıdır. Azərbaycan bütün humanitar məsələlərdə olduğu kimi, bu prosesdə də əsas təşəbbüskar qismində çıxış edir. ICESCO-nun Azərbaycanda təsis edəcəyi regional nümayəndəlik də bu sahədə əməkdaşlığı dərinləşdirmək baxımından əhəmiyyətlidir”.