Xəbər verdiyimiz kimi Azad Cəfərli Prezident İlham Əliyev imzaladığı sərəncamla Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.
Teleqraf.com yeni xidmət rəisinin tərcümeyi-halını təqdim edir.
Azad Məhyəddin oğlu Cəfərli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetindən 1999-cu ildə “Beynəlxalq hüquq” ixtisası üzrə bakalavr, 2001-ci ildə “Beynəlxalq münasibətlər” ixtisası üzrə magistr, Cenevrə İnsan hüquqları Akademiyasından Beynəlxalq humanitar hüquq və insan hüquqları üzrə elmlər namizədi (L.L.M.) dərəcələrini alıb. “İşğal olunmuş ərazilərdə mədəni sərvətlərin qorunması” mövzusunda diplom müdafiəsi edib. Həmçinin, beynəxalq hüquq və beynəlxalq münasibətlər sahəsində bir sıra kurslarda və təlimlərdə iştirak edib.
Əmək fəaliyyətinə 1999-cu ildə Azərbaycan Xarici İşlər Nazirliyində başlayıb. 2004-2008-ci illərdə Azərbaycanın BMT-nin Cenevrə bölməsi yanındakı Daimi Nümayəndəliyində çalışıb.
2008-2012-ci illərdə Xəzər dənizinin hüquqi statusu, dəniz ətraf mühitinin qorunması, insan hüquqları və digər sahələrdə ekspert kimi fəaliyyət göstərib.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Beynəlxalq əlaqələr şöbəsinin müdiri (2012-2016) vəzifəsində çalışıb. Sonra Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatının rəhbəri vəzifəsini daşıyıb.
Daha sonra Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini təyin olunub. A.Cəfərli ötən ilin mayın 8-də xidmətin əvvəlki rəisi Zakir Sultanov həbs edildikdən sonra rəisin vəzifə səlahiyyətlərini icra etməyə başlayıb.
A.Cəfərli beynəlxalq hüquq və dövlət xidmətlərinin göstərilməsi mövzusunda bir sıra məqalələrin müəllifidir. “Qərb” Universitetində, ADA Universitetində və “ASAN xidmət”in Təlim mərkəzində beynəlxalq hüquq, danışıqların aparılması, dövlət xidmətlərinin göstərilməsi konsepsiyası üzrə qabaqcıl təcrübə mövzularında yerli və əcnəbi dinləyicilərə mühazirələr deyib.
İngilis, fransız, rus və türk dillərini bilir.