23 Fevral 2021 11:10
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "Daily sabah" və Rusiyanın "Vestnik Kavkaza" xəbər saytları ABŞ-dakı Azərbaycan diasporunun ermənipərəst konqresmeni ədalətli mövqe tutmağa çağırması haqqında məqalə yayımlayıb.

Bu barədə Teleqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məqalələrdə qeyd edilib ki, Florida Azərbaycan–Amerika İcması ermənipərəst mövqeyi ilə tanınan respublikaçı konqresmen Qus Maykl Bilirakisə məktub ünvanlayaraq onun diqqətini bu yaxınlarda azad edilmiş Dağlıq Qarabağda ermənilərin törətdikləri cinayətkar və insan hüquqlarına zidd əməllərə cəlb edib. Soydaşlarımız konqresmeni daha dürüst mövqe tutmağa, sülhün əldə olunmasına təsir göstərməyə və regionda sabitliyin möhkəmləndirilməsi istiqamətində çalışmağa çağırıblar.

Müraciətdə 30 il ərzində Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-nin işğal altında saxlanıldığı, Dağlıq Qarabağ bölgəsində və ona bitişik 7 rayonda azərbaycanlılara qarşı etnik təmizlənmənin aparıldığı, Xocalı şəhərində mülki azərbaycanlılara qarşı hərbi cinayət və soyqırımı törədildiyi barədə ətraflı məlumat verilib.

Ermənistanın dəfələrlə Azərbaycan torpaqlarında hərbi təxribatlara əl atdığı, 44 günlük müharibəyə səbəb olduğu, döyüş meydanından uzaq olan Azərbaycan şəhərlərindəki yaşayış məntəqələrinə kasset və raket bombaları atması nəticəsində 104 dinc sakinin həlak olduğu və 416 nəfərin yaralandığı, işğaldan azad edilmiş Azərbaycan rayonlarının ermənilər tərəfindən xarabalığa çevrildiyi barədə dünyanın aparıcı kütləvi informasiya vasitələrinin reportajlar yayımladığı, beynəlxalq hüquq-müdafiə təşkilatlarının Ermənistanın mülki əhaliyə qarşı hücumlarını sərt şəkildə pislədiyi nəzərə çatdırılıb.

"Ümidvarıq ki, müharibənin ziyan vurduğu bölgədə etnik nifrət, haqsızlıq və işğal sona çatacaq və siz mövqeyinizdən yararlanaraq ABŞ konqresmeni və erməni məsələləri üzrə konqres qrupunun həmsədri kimi bölgədə sabitliyin inkişafı üçün sülhün təşviq olunmasına çalışacaqsınız", - deyə soydaşlarımız vurğulayıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər