25 Fevral 2021 18:49
1 570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azad olunan ərazilərə minaları yerləşdirmək asan, təmizləmək isə olduqca çətindir. Minalı bölgələr insanların həyatı üçün təhlükə yaratmaqla yanaşı, torpaqlardan səmərəli istifadə işinə mane olur. Torpaqlarımız azad olunduqdan sonra bir daha bəlli oldu ki, çox böyük miqyaslı minalanma həyata keçirilib. Hazırda minalanmış ərazilər qarşıda duran ciddi problemdir. Artıq xeyli müddətdir ərazilərin minalardan təmizlənməsi prosesi gedir. Buna baxmayaraq mütəmadi olaraq baş verən mina partlamaları nəticəsində mülki vətəndaşların həlak olma faktları artır.

Minalanmış ərazilərdəki real vəziyyətdən Teleqraf.com-a bəhs edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvü Elşad Mirbəşiroğlu ermənilərin proseləri öz ziyanlarına yönəltməkdə israrlı olduqlarını deyib:

"Ermənistan tərəfi minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməlidir. Çünki tərəflər arasında məlum razılaşma var. 10 noyabr razılaşması münaqişənin dayandırılmasını şərtləndirib. Bu bəyanata müvafiq olaraq minalanmış ərazilərin xəritəsinin təqdim olunması ilə bağlı hər hansı bir məqam mövcud deyil. Amma sənədin mahiyyəti minalı ərazilərin xəritəsinin təqdim olunmasını da özünə ehtiva edir. Tərəflər razılıq əldə edib ki, əhalinin əvvəllər yaşadığı ərazilərə qayıdışı təmin olunsun. Məhz bu məqam insanların öz evlərinə təhlükəsiz qayıtmasına təminat tələb edir. Təhlükəsizlik üçün də ilkin addım ərazilərin minalardan təmizlənməsidir. Ona görə də Ermənistan tərəfi minalanmış ərazilərin xəritəsini təqdim etməlidir. Onlar minalanmış ərazilərin xəritəsini təqdim etməyəcəksə, bu razılaşmaya deklorativ yanaşma kimi başa düşüləcək. Çünki Ermənitsan tərəfi 30 illik danışıqlarda da sadəcə imitasiya ilə məşğul olub. Amma indi ortada razılaşma var. Ermənistanın bu razılaşmaya qarşı çıxması o anlama gəlir ki, o imitasiya xarakterli adddım atıb. Erməni tərəfi bu davranışı ilə öldürücü nəticəyə də hazır olmalıdır. İndi vəziyyət tamam dəyişib. Azərbaycan Ordusunun hazır vəziyyətdə olduğunu yəqin ki, Ermənistan tərəfi bilməmiş deyil”.

Elşad Mirbəşiroğluna görə, Paşinyan bu xəritələri verməməklə ola bilsin ki, daxili auditoriyaya hesablanmış addımlar sərgiləyir:

“Eyni zamanda ermənilər minaları xaotik şəkildə ərazilərə basdırıblar. Ola bilsin ki, onların özlərində də minalanmış ərazilərin konkret xəritəsi olmasın. Bu da bir ehtimaldır. Çünki ermənilər azərbaycanlılara məxsus qəbiristanlıqlarda, dağlarda, dərələrdə minalar yerləşdiriblər. Bu da onların toplum olaraq vandallığına işarədır. Amma Ermənistanın minalarla bağlı mövqeyi vəziyyətə ciddi təsir etməyəcək. Azərbaycanın kifayət qədər resursları var ki, əraziləri təmizləyə bilsin. Artıq rus sülhməramlıları da əraziləri minalardan təmizləyir. Azərbaycan beynəlxalq əməkdaşlıq müstəvisində minaların təmizlənməsini reallaşdırmaq imkanına sahibdir”.

Milli Məclisin deputatı Cavid Osmanov da Teleqraf.com-a açıqlamasında işğalçı dövlətin minalanmış ərazilərin xəritəsini verməməklə birbaşa 10 noyabr üçtərəfli razılaşmanın şərtlərinin kobudcasına pozduğunu bildirib:

“Münaqişələr bitdikdən sonra minalı sahələrin xəritələri qarşı tərəfə təqdim edilir ki, həmin ərazilərə gələcək olan mülki əhali bundan zərər görməsin. Ancaq mənfur düşmən işğalda saxladığı Azərbaycan torpaqlarının minalanmış xəritələrini nəinki təhvil vermir, hətta bu ərazilərdə hərbi təyinatı olmayan torpaqları belə minalayıb. Bu isə qərəzli şəkildə minalanmış ərazilərdə mülki vətəndaşların bilərəkdən həlak olması niyyətinə hesablanıb. Təbii ki, bu zaman yaralanan və həlak olan hər bir mülki vətəndaşımıza və hərbçilərimizə görə erməni terrorçuları cavab verməlidirlər. Təəssüflər olsun ki, Ermənistanın bu davranışlarına da beynəlxalq ictimaiyyət göz yumur. Terrorçuya qarşı heç bir sanksiya tətbiq edilmir. Ona görə də beynəlxalq dəstəyi daha da gücləndirməli, terrorçu ölkənin faşist mahiyyətini daha geniş şəkildə faktlarla dünya ictimaiyyətinə təqdim etməliyik”.

Cavid Osmanovun sözlərinə görə, düşmənin təxribatlarına baxmayaraq Azərbaycanın işğaldan azad edilən ərazilərdə bərpa planları kifayət qədər genişdir:

“Prezident İlham Əliyev bu məsələ ilə bağlı hədəfləri cəmiyyətimizə çatdırıb. Güclü dövlət olan Azərbaycan işğaldan azad edilən torpaqlarımıza həyatı qaytarmaq, bu əraziləri dirçəltmək əzmindədir”.


Müəllif: Tapdıq Qurbanlı