26 Fevral 2021 14:05
1 452
12 Punto 14 Punto 16 Punto 18 Punto

1988-ci ildən 1992-ci ildə Xocalı Soyqırımına qədər olan tarixi bir dövr çox ciddi yanaşma, təhlil tələb edir. Ermənilərin Xankəndində 88-ci ildə başlatdıqları separatizmin ilk hədəfi Xocalı olub. Xocalı Azərbaycan xalqı üçün zəif bənd deyildi. Amma xalqın gözünü qorxutmaq, onu sarsıtmaq, mənəvi boşluğa yuvarlatmaq üçün düşmənin ən iyrənc, riyakar planı idi. Düşmən bununla bir xalqın iradəsini sındıracağını düşünürdü. Amma 44 günlük müharibədə Xocalı Soyqırımından sonra doğulanlar Şuşa dağlarında bu cinayətkarları yalın əllə boğdular. Düşmən zaman etibarı ilə qalib gələcəyini düşünürdü. Sadəcə biz məğlub olsaq da, təslim olmadığımızı, mübarizəmizə qaldığımız yerdən davam etdiyimizi göstərdik. Xocalı Azərbaycan xalqı üçün heç vaxt unudulmayacaq tarixi bir dərs oldu.

Bu sözləri Teleqraf.com-a müsahibəsində Xocalının o dövrdə icra başçısı olmuş, millət vəkili Elman Məmmədov deyib.

Onunla müsahibəni təqdim edirik.

- Elman müəllim, həmin vaxt Xocalı şəhər icra hakimiyyətinin başçısı idiniz, bütün proseslərin canlı şahidisiniz. Xocalıda soyqırımına qədər hansı hadisələr baş verirdi?

- Xocalının coğrafi mövqeyi elədir ki, ermənilərin yaşayış məntəqələri ilə əhatə olunub. Ağdam istiqamətində Əsgəran qəsəbəsi Xocalı ilə 5 km məsafədədir. Eyni zamanda Əsgəran zolağı istiqamətində 10-12 erməni kəndi yerləşirdi. Xocalının bütün ətrafı erməni kəndləri ilə əhatə olunmuşdu. Xocalıdan Xankəndində 10 km məsafə var. Xankəndi isə 60 minlik bir şəhər idi. Əhalisinin də əksəriyyətini ermənilər təşkil edirdi. 1988-ci ildə hadisələr başlanandan Xocalı mühasirə, yarım mühasirə vəziyyətinə düşüb. Xocalı üzərinə ilk hücum 1988-ci ilin sentyabrın 18-də oldu. Ermənilər Xankəndidəki mitinqdə qərar vermişdi ki, Xocalı məhv edilməlidir. 10 mindən çox erməni 10 km məsafəni qət edib Xocalı üzərinə hücum etmişdi. O vaxt xocalılar mərdliklə müdafiə olundu, ermənilərin burada dərsi verildi. Səhəri gün erməni radiosu məlumat vermişdi ki, Xocalıdan 27 erməni meyiti gətirilib. Hadisələr də göstərdi ki, Xocalı hadisələrin ilk günündən qəhrəmanlıqla döyüşüb, çarpışıb. Ancaq 4 illik mübarizədən sonra 1991-ci ilin oktyabrın 30-dan noyabrın 1-ə keçən gecə Xocalının yolu tam kəsildi. Xocalı 4 ay, yəni işğal gününə qədər tam mühasirədə qaldı.

- Hansı istiqamətdə Xocalının yolu kəsilmişdi?

- Bakıdan Şuşaya, Laçına, Ermənistana gedən yol vardı. Bu yol da Xocalıdan keçirdi. Əsgəran qalasından yol bağlandıqdan sonra artıq digər tərəfdə də Xankəndi yolu bağlanmışdı. Bundan sonra Xocalıdan çıxmaq mümkün olmadı.

- Bəs mərkəzlə, Bakı ilə əlaqə necə təmin olunurdu?

- Əlaqə o zaman sabit telefon, radiostansiya və vertolyotlarla mümkün idi. Təhlükə olduqda isə vertolyotlar uça bilmirdi. Hava şəraiti pis olduqda da vertolyotun uçması mümkün deyildi. 7 min əhalisi olan Xocalını 30 sərnişin yeri olan bir vertolyotla təmin etmək qeyri-mümkün idi. Ərzaq, yaralı, silah-sursat və digər zəruri ehtiyacları qarşılamaq çətinlik yaradırdı.

- Enerji təminatının dayandırılması nə zaman baş verdi?

- Xocalının enerji təminatı Əsgərandan idi, onu dayandırmışdılar, qaz xəttini də bağlamışdılar. Xocalı 4 ay işıqsız, qazsız, heç bir kömək olmadan yaşamalı oldu. Bu aylar ərzində başda mən olmaqla bütün xocalılar gündəlik respublika rəhbərliyinə müraciətlər, teleqramlar göndərirdik, ahişlər, yalvarışlar edilirdi. O kadrlar arxivlərdə də qalıb. Özüm dəfələrlə Ali Sovetin iclaslarında çıxışlar edirdim. Hər an Xocalının təhlükə ilə üz-üzə qalacağını deyirdim. Bildirirdik ki, hücumlar, təzyiqlər olacaq. Bizim isə bunun qarşısında durmaq imkanlarımız yoxdur.

- Xocalıda o dövr üçün sözsüz ki, nizami ordu hissələri mövcud deyildi. Müdafiə necə təşkil olunmuşdu?

- Azərbaycanda Müdafiə Nazirliyi 1991-ci ilin oktyabrında yaranıb. Bu qurumun o dövr üçün sadəcə adı vardı. Gücü, imkanları yox idi. Ölkədə baş verən anarxiya, siyasi böhran, hakimiyyətsizlik, bacarıqsızlıq vəziyyəti daha da qəlizləşdirirdi. Az qala gündə ölkədə müdafiə naziri dəyişirdi. O vaxt özümüz Xocalıda özünümüdafiə batalyonu yaratmışdıq. Bu isə Xocalı sakinlərindən ibarət idi. Bu batalyonda bir nəfər də olsun hərbçi yox idi, mülki şəxslərdən təşkil edilmişdi. 50 nəfərlik Xocalı polisi və Əlif Hacıyevin rəhbərliyi ilə Xocalı aeroportunda xidmət keçən 25 nəfərlik şəxsi heyət müdafiəni təşkil edirdi. Özünümüdafiə batalyonunun komandiri isə Tofiq Hüseynov idi. O da məktəbdə ibtidai hazırlıq dərsi keçirdi. O dövr isə Xocalıya Adil Quliyevin rəhbərliyi ilə 21 nəfərlik könüllü gəlmişdi. Onlar da sona kimi düşmənə qarşı döyüşdü. 12 nəfəri şəhid oldu.

- Xocalının bu qədər təhlükədə olmasını nəzərə alaraq silahlanma ilə bağlı vəziyyət necə idi?

- O vaxt Xocalıda olan özünümüdafiə batalyonu yüngül silahlarla silahlanmışdı. Kalaşnikov avtomatı, 4 ədəd də əl pulemyotu vardı.

- Xocalı əhalinin kompaktlaşması necə idi? İnzibati vahidlik hansı formada qurulmuşdu?

- 1990-cı ilin aprelin 4-də Xocalıya şəhər statusu verilib. Ona qədər Xocalı sadəcə bir kənd idi. Mən də kənd soveti təyin olunmuşdum. Xocalıya şəhər statusu verildikdən sonra şəhər sovetinin sədri seçildim. Bir il sonra 1991-ci ilin aprelin 4-də ərazi partiya icrayə komitəsi yaradılmışdı. Eyni zamanda Xocalıda, Ağdərədə və Xocavənddə də belə qurumlar yaranmışdı. Sonradan Xocalıda partiya komitəsinin birinci katibi və icraiyyə komitəsinin sədri seçildim. Xocalıdan olmayan başqa adamları seçmək istəyirdilər. Amma xocalılar buna imkan vermədi. Azərbaycan KP MK-nin ikinci katibi Palyaniçko başqa adamlar göndərmişdi. Xocalı camaatı ayağa qalxıb buna etiraz etdi. 1991-ci ilin oktyabrın 29-da Azərbaycanda icra başçısı institutu yaradıldı. O vaxtki prezident Ayaz Mütəllibovun sərəncamı ilə Xocalı şəhər icra hakimiyyətinin başçısı təyin edildim. Bir ay keçdikdən sonra, 1991-ci il noyabrın 26-da Azərbaycan Ali Sovetinin sessiyasında Dağlıq Qarabağ muxtar vilayətinin statusuna xitam verildi. Yəni bu vahidlik və Əsgərən rayonu ləğv edildi. Onun əvəzinə mərkəzi Xocalı şəhəri olmaqla Xocalı rayonu yaradıldı.

- Hansı ərazilər Xocalıya tabe edilmişdi?

- Xocalı rayonu, Xocalı şəhəri, Əsgəran qəsəbəsi və 53 kənddən ibarətdir. Bu gün Xocalının 53 kəndindən 11-i Azərbaycan ordusunun nəzarətindədir. Ordumuz 44 günlük müharibədə o kəndləri işğaldan azad edib. Artıq Xocalı rayon polis şəbəsi də orada xidmət aparmağa başlayıb.

- 1992-ci ilin fevralın 25-ə qayıtsaq, düşmən tərəfindən təhlükə hiss edilirdimi?

- Xocalı 4 ay idi ki, mühasirədə idi. Yalvarırdıq ki, xocalıları xilas edin. Heç olmasa, mülki əhalini, qadınları, uşaqları, qocaları rayondan çıxarmağı tələb edirdik. Amma buna məhəl qoyan olmadı. Bunu etmək olardı. Bunun üçün iki mümkün yol vardı. İlk növbədə Əsgəran istiqamətində yolun açılması ilə bunu etmək olardı. Ağdamda olan Azərbaycan Müdafiə Nazirliyinə məxsus qüvvələr Əsgəranı vurub yolu aça bilərdi. Bunu etmədilər. İkinci yol isə vertolyotlarla əhalinin daşınmasının təmin etmək olardı.

- Real təhlükənin yaxınlaşdığı bəlli idi. İlk olaraq dinc insanları çıxarmaq üçün hansı addımlar atıldı?

- 1992-ci ilin fevralın 13-də Gəncənin hərbi aeroportundan Tahir Əliyevin, Gəncənin icra başçısı Abdin Əliyevin köməkliyi ilə növbə ilə 6 vertolyotla 300-dən artıq xocalılını çıxarda bilmişdik. Həmin vertolyotlar yük üçün idi. Bunu tək mən edə bilirdimsə, demək respublika rəhbərliyi də bunu edə bilərdi. Qətiyyət, xalqın taleyi ilə bağlı məsuliyyətli olsaydılar, o vaxt Gəncədə olan rus hərbçilərlə danışıqlar aparıb Xocalıya 6 yox, 26 vertolyot aparmaq olardı. Hətta bilirdilər ki, Xocalını müdafiə edə bilməyəcəklər. Xocalının isə öz gücünə müdafiə olunmaq imkanı qalmamışdı.

- 1992-ci ilin fevralın 25-i Xocalıda vəziyyət necə idi?

- 1992-ci ilin fevralın 25-i Xocalıya bir güllə də atılmamışdı. Tam sakitlik idi. Axşam saat 7-8 arası postlarımızdan məlumatlar gəldi ki, Xocalı istiqamətində hərbi texnikalar irəliləyir. Xankəndi və başqa erməni kəndləri istiqamətindən hücumlar başlamışdı. Bu mühasirə halqası 2 saatdan artıq davam etdi. Düşmən hərbi texnikası Xocalı istiqamətində atəş nöqtəsi seçib dayanırdı. Ermənilər bütün qüvvələrlə mühasirə yaratdılar və saat 10-11 arası bütün hərbi texnikadan, 366-cı alaya məxsus silahlardan Xocalıya atəş açmağa başlanıldı.

- Əhalini çıxarmaq üçün hansı istiqamətə üz tutulmuşdu?

- Xocalıdan əhalini çıxarmaq üçün meşə yolu seçilmişdi. Xocalıdan Ağdama 16 km məsafə var. Meşə yolu, qış vaxtı, qar, soyuq bu məsafəni qət etmək çətin idi. Xocalı camaatı ayaqyalın donmuş Qarqar çayından keçib gedirdi. Ermənilər isə əvvəlcədən qurduqları pusquda, səngərdə əhalini açıq hədəf almaq üçün gözləyirmiş. Həmin istiqamət isə Ağdam tərəfdən ermənilərin mövqelərindən keçirdi. Əsgəran istiqamətində isə ermənilərin səngəri ilə Azərbaycan ordusunu səngəri arasında 1 km-ə yaxın məsafə vardı. Əhalinin də yeganə çəxış yolu bü istiqamətdə olduğu üçün kütləvi qırğın daha çox oarada baş verdi. Onlar bilirdilər ki, başqa yol yoxdur. Ağdam tərəfdən əhali ancaq meşə yolu ilə gəlib oradan keçəcək.

- Xocalının özünümüdafiə dəstələri əhali ilə birlikdə şəhəri tərk edirdisə, qırğının qarşısını almaq üçün müdafiə həlqəsi yarada bilərdimi?

- Xocalı özünümüdafiə dəstələri əhali ilə birlikdə çıxmasaydı, bir nəfər də oradan sağ qalmazdı. Özünümüdafiə dəstələri çox böyük qəhrəmanlıq göstərdi. Hamı elə bilir ki, orada müqavimət olmayıb. Sadəcə əhali olduğu üçün qırğın çox oldu. Ermənilər o döyüşdə az itki vermədilər. Xocalılar həmin gecə, eləcə də səhər ermənilərə lazımı cavab vermişdi. Xocalıları bütünlüklə məhv etmək məqsədinə özünümüdafiə dəstələri mane oldu, çünki ermənilərin məqsədi hamını qırmaq idi.

- Həmin gecə Xocalıdan nə qədər əhali çıxa bilmişdi?

- Xocalıda 2500-3000-ə yaxın insan qalmışdı. 612 şəhidimizi bu sayla müqayisə etsək, hər 4-5 nəfərdən biri qətlə yetirilib. Şəhərin içində də şəhidlərimiz oldu. Əsir və girovlarımız da çox idi. 150 nəfərin taleyindən hələ də xəbər yoxdur. Xocalı o gecə dünyada görünməmiş vəhşiliyə, soyqırıma məruz qaldı. Bu, insanlıq tarixində baş vermiş ən böyük soyqırımılardan biridir.

44 günlük Zəfər savaşında şanlı Ordumuz Xocalı cəlladlarını da layiqincə cəzalandırdı. Allah bütün şəhdilərimizə rəhmət etsin!


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər