1 Mart 2021 17:56
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Sumqayıt hadisələri ilə bağlı əsassız iddiaları Azərbaycan tərəfindən dəfələrlə cavablandırılıb. 1988-ci il fevral ayının sonlarında Azərbaycan SSR-nin Sumqayıt şəhərində törədilən qanlı hadisələr Azərbaycana qarşı öncədən düşünülmüş və dəqiq planlaşdırılmış təxribat idi. Bunu Azərbaycanda o vaxt xüsusi xidmət orqanları təşkil etmişdi. Bu təxribat Azərbaycanda milli ədavəti qızışdırmaq, xalqlar arasında nifaq yaratmağa hesablanmışdı.

Bunu Teleqraf.com-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Professor bildirib ki, azərbaycanlıların indiki Ermənistan ərazisindən, yəni tarixi ata-baba ocaqlarından zorla çıxarılması və ondan sonra Sumqayıt hadisələrinin təşkili təsadüfi deyildi:

“Azərbaycanlılar öz ev-eşiklərindən zorla çıxarılaraq, yük vaqonları ilə Azərbaycana göndərilib. Həmin ərəfədə azərbaycanlılara qarşı ermənilər tərəfindən bir sıra vəhşiliklər edilib. Sumqayıt hadisələri də məhz bu proseslərin davamı idi. Bu, öncədən hazırlanmış ssenari olub. Sovet təhlükəsizlik xidməti ilə Ermənistandakı yerli xidmət orqanları məhz belə çirkin plan hazırlayıb. Məqsəd də Azərbaycanda milli zəmində qarşıdurma yaratmaqla öz çirkin məqsədlərinə nail olmaq idi.

Ermənistan ərazisindəki öz yurdlarından qovulan azərbaycanlıların əksəriyyəti Sumqayıtda məşkunlaşmışdı. Əslində o ərazilərdən ermənilər tərəfindən zorla çıxarılan azərbaycanlılar Qarabağda məskunlaşdırılmalı idi. Hətta insanların özləri də bunu istəyirdi. Amma o vaxtkı ölkə rəhbərliyi çox təəssüf ki, bunu etmədi. Sumqayıtda da o dövrdə məhz qurulmuş ssenari ilə xüsusi xidmət orqanları daha aktiv fəaliyyətə başladılar. Bu təxribatçıların başında Eduard Qriqoryan adında Ermənistan vətəndaşı dururdu. Təxribatları da ona görə törətdilər ki, burada insan ölümləri və digər vandallıqlar törədilsin. Bundan sonra dünyaya elan edilsin ki, Azərbaycanda bu cür vəhşiliklər hökm sürür. Təxribatçıların əlində xüsusi hazırlanmış siyahı vardı”.

Eldar Quliyev vurğulayıb ki, ermənilər 1980-ci ilin ortalarında Krunik cəmiyyəti yaratmışdılar:

“Bakıda da ermənilər bu cəmiyyətə pul köçürürdülər. O vaxt bunu hər kəs bilirdi. Adını da humanitar cəmiyyət qoymuşdular. Sumqayıt hadisələri baş verdikdən sonra təşkilatçıların E.Qriqoryanın başçılıq etdiyi bir qrup terrorçu olduğu məlum oldu. Cinayət əməllərini də əsaslandırmağa çalışdı ki, guya ermənilər tərəfindən ona zülmlər edilib. Bu hadisələrdə əli olan şəxslər cəzalandırıldı. E.Qriqoryanın isə məhkəməsi Rostovda keçirildi. Ondan sonra da azadlığa buraxıldı. Digər həbs edilənlər də etiraf ediblər ki, E.Qriqoryanın əlində siyahı olub. Sumqayıtda yaşayan ermənilərin hansının evinə girib-girməyəcəklərini öncədən müəyyənləşdirmişdilər. Eyni blokda yaşayan başqa ermənilərə toxunulmayıb. Amma digərlərini hətta evlərinin qapılarını belə sındırıb qətlə yetiriblər”.

Şura sədrinə görə, hadisələrin sonrakı gedişində məlum olub ki, hansı erməni Krunik cəmiyyətinə pul ödəmişdi onlara toxunmayıblar:

""Krunik”ə pul ödəməyən erməniləri cəzalandırıblar. Ermənilər isə indiki halda yenidən bu məsələləri gündəmə gətirməsi onların özlərinin ziyanına olan bir haldır. Ermənilər azərbaycanlıları tarixi ata-baba yurdlarından zorla çıxararkən onlara qarşı böyük vəhşikliklər edib. Ermənilər tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı qırğınlar, soyqırımı aktları həyata keçirib. Bu gün Sumqayıt hadisələrində özlərinin günahkar olduğunu bildikləri halda bunu yenidən gündəmə gətirmələri onların düşdüyü məğlub vəziyyətlə bağlıdır. Xocalı soyqırımı və digər ərazilərimizdə xalqımıza qarşı olan vəhşiliklər tarixin yaddaşındadır. Bu gün Azərbaycan öz ərazi bütövlüyün təmin edib. Torpaqlarımız erməni işğalından azad olunub. Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunub”.

Xatırladaq ki, 27-29 fevral 1988-ci il tarixli Sumqayıt hadisələri ilə əlaqədar məhkəmə prosesinin nəticələri ilə bağlı təqsirkar bilinən 92 nəfər barəsində həbs cəzası verilib. Həmçinin bir nəfər ölüm cəzası alıb. Hadisələrin səbəbkarı, yürüşə başçılıq edən və şəxsən 6 nəfəri öldürən və erməni millətindən olan 3 qadına təcavüz edən, milliyyətcə erməni olan Eduard Qriqoryan barəsində Sumqayıtda yaşayan ermənilərin çoxsaylı şahid ifadələri toplanıb. Məhkəmənin qərarı ilə 12 il azadlıqdan məhrum edilən E.Qriqoryan cəzasını çəkmək üçün Ermənistana köçürülüb, daha sonra isə azadlığa buraxılıb.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər