9 Mart 2021 17:38
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

1990-cı illərin əvvəllərindəki Azərbaycanla bugünkü Ermənistanda baş verənlər arasında oxşarlıqlar var. Ölkəmizdə o dövrdə ümidsizlik, cəmiyyətdə hökm sürən total saxtakarlıq, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması halları mövcud idi. Azərbaycanda o vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ancaq öz maraqlarını güdürdü. Hakimiyyətə təsadüfi adamlar gəlmişdi. Ermənistanda da 2018-ci ildə hakimiyyətə gələn insanlar siyasi proseslərdən uzaq, təcrübəsiz, səriştəsiz, qorxaq, fərarilərdən ibarət idi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, AXC-Müsavat cütlüyü dövründə ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi:

“Köhnə partnomenklatura demək olar ki, tamamilə iflic vəziyyətə düşmüşdü. Hakimiyyətə qanunsuz yollarla gəlmiş AXC-Müsavat cütlüyü ölkəni talayırdı. I Qarabağ müharibəsinin davam etdiyi dövrdə Ermənistana benzin satılırdı”.

Cavid Osmanov üzdə özünü guya demokratik göstərənlərin, Xalq Cəbhəsinin mətbuat üzərində senzura tətbiq etdiyini bildirib:

“Özlərini demokratik göstərənlər əslində söz azadlığına qarşı çox dözümsüz yanaşırdı. Onlara qarşı söz deyəni təqibə məruz qoyurdular. Eyni zamanda AXC-Müsavat cütlüyünün iqtidarı dövründə bütün ölkələrlə münasibətlər pozulmuşdu”.

Millət vəkili xatırladıb ki, Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı yerləşdiyi bölgədə təcrid etmişdi:

“Məhz xalqın istəyi ilə formalaşan Yeni Azərbaycan Partiyasının liderliyi ilə yeni bir inkişaf dönəminə qədəm qoyan Azərbaycan bu gün bölgədə aparıcı mövqedədir. Ölkəmiz beynəlxalq birliyin söz sahibidir. Bir sıra beynəlxalq layihələrdə Azərbaycan birbaşa təşkilatçı və tərəfdaşdır. Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolu günü-gündən artır. Ermənistan isə məhz işğal siyasətinə görə təcrid edilmiş vəziyyətə salınıb. Azərbaycan bütün qonşularla çox səmərəli dostluq, mehriban qonşuluq əsasında münasibətlər qurub. Bu düzgün strategiya II Qarabağ müharibəsində Azərbaycanın mövqelərinin ədalətli şəkildə qorunmasını təmin edib”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər