Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər uğurla inkişaf etməkdədir. Ötən dövr ərzində tərəflər qarşılıqlı əlaqələrin inkişafı istqamətində vacib addımlar atıb.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
O bildirib ki, bu günlərdə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın ölkəmizə səfəri də məhz bu kontekstdə qiymətləndirilməlidir:
“Cənab Prezident İlham Əliyev martın 10-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri, bölgədə yaranmış yeni geosiyasi vəziyyət, postmüharibə şəraiti müzakirə olunub. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərinin aparılması, regional nəqliyyat layihələrinin həyata keçirilməsi məsələləri gündəmdə olub. Bütün bunlar ölkəmizin yeni şəraitdə Avropa İttifaqı ilə əməkdaşlıq münasibətlərində önəmli məqamlardır. Azərbaycan öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir. Öz növbəsində, Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən önəmli dividendlər vəd edir. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb”.
Deputat qeyd edib ki, Azərbaycan Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində də Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir:
“Bir neçə il öncə Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub. Bu sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Mühüm məqam odur ki, sənəddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunub. Beləliklə, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsində bu sənəd də hüquqi baza rolunu oynayıb. Artıq Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində özünün ərazi bütövlüyünü bərpa edib. Bu fakt Azərbaycanın beynəlxalq müstəvidə gücünü daha da artıran amillərdən biridir. Bu mənada Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin inkişafında yeni reallıqlar öz əksini tapacaq və əlaqələr yüksələn xətlə inkişaf edəcək”.