Azərbaycan öz ərazi bütövlüyünü 44 günlük Vətən müharibəsi nəticəsində təmin edib. Amma bütün bunlara baxmayaraq ölkəmiz dialoqa hər zaman açıq olduğunu nümayiş etdirib. İlk növbədə 10 noyabrda imzalanmış razılaşmanın şərtlərinin icrası təmin olunmalıdır. Bundan sonra hər hansı müstəvidə regional əməkdaşlıqdan danışmaq mümkün olacaq.
Bu fikirləri Teleqraf.com-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Onun sözlərinə görə, hazırda işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi, kommunikasiyaların bərpası və infrastrukturun yaradılması məsələləri gündəmdədir:
“Bundan sonra Azərbaycan vətəndaşlarının öz yurd-yuvalarına qayıdışı və təhlükəsizliyi təmin olunacaq. Proseslər bu istiqamətdə davam etməlidir. Azərbaycan öz üzərinə düşən öhdəliklərin icrasını yerinə yetirir. Amma çox təəssüflər olsun ki, erməni tərəfi növbəti dəfə də qeyri-konstruktiv mövqe sərgiləyir. Ermənistanda ayrı-ayrılıqda müəyyən fikirlər var ki, münasibətlər bərpa olunsun və regional əməkdaşlığa maneə olan prinsiplər aradan qaldırılsın. Buna baxmayaraq 44 günlük müharibədəki ağır məğlubiyyət erməni cəmiyyətində böyük təlatümlər yaradıb. Hazırda ölkədə iqtidar uğrunda müharibə gedir. Yenidən qızışdırıcı mövqedən çıxış edənlər var. Revanşizmlə bağlı ideyaları erməni cəmiyyətində daha çox təbliğ etmək istəyənlər mövcuddur. Amma ümumi erməni cəmiyyətinin konkret belə bir mövqeyinin olmadığı da məlumdur”.
Eldar Quliyev bildirib ki, Azərbaycan 44 günlük müharibədən sonra yeni əməkdaşlıqda maraqlı olduğunu dəfələrlə sübut edib:
“Reallıqda isə razılaşmaya kimin hansı səviyyədə yanaşması çox önəmlidir. Birinci və ikinci razılaşmalarda kommunikasiyaların bərpa və nəqliyyat əlaqələri ilə bağlı müddəalar yer alıb. 10 noyabr və 11 yanvar razılaşmalarında Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi məsələləsi ilə bağlı xüsusi məqamlar var. Dəmir yolu və avtomobil yollarının açılması mütləqdir. Bu gün Ermənistanda buna kimlərsə, etiraz etsə belə layihənin icrası reallaşacaq. Burada 3 dövlət rəhbərinin imzası var. Ona görə də Zəngəzur dəhlizinin açılması mümkün olacaq. Cənab Prezident də YAP-ın son qurultayında vurğuladı ki, Zəngəzur dəhlizi mütləq açılacaq”.
Millət vəkili sabiq Ermənistan prezidenti Robert Köçəryanın 10 noyabr bəyanatını Versal müqaviləsi ilə müqayisə etməsinin olduqca yanlış yanaşma olduğunu əlavə edib:
“R.Köçəryan hərbi canidir. O, işğal müddətində Azərbaycan ərazilərini talan edib. Xalqımıza qarşı terror, soyqırım cinayətləri törədib. Hətta erməni cəmiyyətində də ona qarşı münasibət birmənalı deyil. Bu yaxınlara qədər etmiş olduğu qanunsuzluqlara görə o həbsdə idi. Ona görə də R.Köçəryanın bəyanatları ancaq daxili auditoriyaya hesablanıb. Düşünür ki, bu cür hiylələrlə hakimiyyətə gəlmək daha asan ola bilər. Buna baxmayaraq bu gün onun kimi canilərin mənasız bəyanatlarının heç bir əsası yoxdur. Artıq regionda vəziyyət dəyişib”.