Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan ərazilərinə səfərlər etməsi Ermənistan Xarici İşlər Nazirliyinin şərh mövzusu ola bilməz.
Teleqraf.com-un məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan Xarici İşlər Nazirliyinin 18 mart 2021-ci il tarixli bəyanatına dair şərhində deyilir.
Bildirilir ki, Ermənistan XİN-i mövcud olmayan dağıntılar barədə danışmadan öncə, 30 ilə yaxın müddətdə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən tarixi, mədəni və dini irsin talan edilməsi və “təmizləmə” siyasəti, o cümlədən yüzlərlə abidələrin yerlə yeksan edilməsi, 63 məscidin tamamilə yer üzündən silinməsini unutmamalıdır:
"Ermənistan tərəfi hələ də anlamır ki, bu kimi ritorikadan uzaqlaşmaq və imzalanmış üçtərəfli bəyanatların icrasına köklənmək lazımdır. Revanşist və təhlükəli fikirlərlə öz əhalisini zəhərləmək Ermənistana yaxşı heç nəyi vəd etmir".