2020-ci il 10 noyabr razılaşması ilə Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu. Tarixi ədalət, beynəlxalq hüquq prinsipləri bərpa edildi. Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə regionda təhlükəsizliyin, sülhün bərqərar olmasına mühüm töhvə verdi. Artıq regionda yeni bir reallıq yaranıb. Üçtərəfli bəyanatda əksini tapan məsələlərin həlli üçün konkret addımlar müəyyənləşib. İşğaldan azad edilən ərazilərdə yol-nəqliyyat və infrastruktur layihələri həyata keçirilir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Millət vəkili bildirib ki, Ermənistan hakimiyyəti yenə də faşist ideologiyasından əl çəkmir:
“İşğalçı dövlət müharibədə ağır məğlubiyyətə uğramasına baxmayaraq, ərazilərin minalanmış sahələrinin xəritəsini Azərbaycan tərəfinə təhvil verməkdən boyun qaçırır. Erməni vandalları bilərəkdən otuz il ərzində işğal altında saxladıqları ərazilərə, o cümlədən qəbiristanlıqlara, su hövzələrinə, cığırlara, keçidlərə, mümkün ola biləcək sahələrə mina və partlamamış mərmilər basdırıblar. Minalanmış ərazilərin xəritələrinin Azərbaycana təqdim edilməməsi indiyədək 14 insanın ölümünə, 60-dan çox insanın isə yaralanmasına səbəb olub”.
Naqif Həmzəyevin fikrincə, erməni tərəfi Azərbaycanın "Böyük Qayıdış” planının reallaşmasına mümkün qədər maneə olmağa çalışır:
“Bu, erməni vandallarının qadağan olunmuş silahlarla dağıtdığı şəhərlərimizdə, yurd yerlərimizdə tikinti-quruculuq, abadlıq işlərinin həyata keçirilməsinə yönəlmiş cinayətdir. Ermənistan başlarına dəymiş “Dəmir yumruq”dan düzgün nəticə çıxarmalı, minalanmış sahələrin sxemlərini və xəritələrini Azərbaycana verməlidir”.