Azərbaycan hələ 5 il əvvəl düşmənə öz yerini göstərdi. Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan Ordusu istənilən vaxt böyük qələbə qazanmağa qadirdir. 4 günlük döyüşlərdə hərbi sahədə qazanılan uğurlar, azad olunan strateji yüksəkliklər Azərbaycanın mövqelərini daha da gücləndirdi. Lələtəpədə ucalan Azərbaycan bayrağının qısa vaxtda Şuşada dalğalanacağına əminlik artdı. Eyni zamanda Cocuq Mərcanlı böyük qayıdışın başlanğıcı oldu. Azərbaycan xalqı əmin idi ki, böyük qayıdış qısa müddətdə baş tutacaq. Aprel zəfəri insanların əzmini, ümidini özünə qaytardı.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputatın fikrincə, Aprel döyüşləri 1994-cü il atəşkəsindən sonra baş verən ən şiddətli döyüş idi: “Bu döyüşlər erməni təxribatına cavab olaraq həyata keçirildi. Qısa zaman çərçivəsində qazanılan qələbə Ali Baş Komandanın uzaqgörən diplomatiyasının, uğurlu daxili və xarici siyasətinin, eyni zamanda ordu quruculuğu siyasətinin nəticəsi idi. Dünyanın 50 ən güclü ordusundan biri regionda öz nüfuzunu daha da möhkəmləndirdi.
Bu döyüşlər həm də Ermənistan ordusu barədə illərdir formalaşan mifi darmadağın etdi. Düşmənin 25 ilə qurub yaratdığı müdafiə səddi cəmi bir neçə saata yarıldı. Əks-hücum əmri veriləndən qısa müddət sonra artıq strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyi azad olundu”.
Deputat xatırladıb ki, erməni komandirləri, zabitləri öz yaralı əsgərlərini postlarda qoyub qaçmaları onların qorxaqlığını bir daha üzə çıxarıb: “Bu, həm də şəxsi heyətin mənəvi-psixoloji hazırlığını qiymətləndirməyə imkan verir. Azərbayca əsgəri hər zaman döyüşə hazır olub. Çünki öz ərazilərini azad etmək üçün döyüşürdü. Qarşı tərəf isə özgə torpağında idi və burada müvəqqəti olduğunu, gec-tez bu ərazilərdən rədd ediləcəyini yaxşı dərk edirdi”.
Könül Nurullayeva deyib ki, Azərbaycan Ordusunun ilbəil artan hazırlıq səviyyəsi düşməni vahiməyə salırdı: “Məhz Aprel döyüşləri hansı ordunun yenilməz olduğunu göstərdi. Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, işğal edilmiş torpaqlarda, Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Bunu Aprel döyüşləri də, 44 günlük Vətən Müharibəsi də bir daha təsdiqlədi. Şanlı Azərbaycan Ordusu düşmənin bütün hədəflərini məhv edərək böyük qələbəyə imza atdı”.