Bu gün Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında Avropa İttifaqının (Aİ) ölkəmizdəki səfiri Malena Mart və nümayəndəliyin əməliyyatlar şöbəsinin müdiri Yerun Villemslə görüş keçirilib.
Şuradan Teleqraf.com-a verilən məlumata görə, M.Mart qrant və QHT-lər haqqında qanuna edilən əlavə və dəyişikliklər haqqında daha ətraflı məlumat almaq və bəzi suallara aydınlıq gətirilməsini istədiyini bildirib. Səfir qəbul edilmiş yeniliklərin Avropa İttifaqının donor kimi bundan sonrakı fəaliyyətinə mümkün təsirləri haqqında şura sədri Azay Quliyevin fikirlərini öyrənib.
A.Quliyev Milli Məclisdə qəbul edilmiş son dəyişikləri ətraflı şərh edərək əlavə və dəyişikliyin effektiv əlaqələndirmə, donor institutlarının təklif etdiyi resurslardan səmərəli istifadə, şəffaflıq və aşkarlıq prinsiplərinin tam bərqərar olması, sui-istifadə hallarına yol verilməməsi və milli təhlükəsizliyimizə ola biləcək mümkün təhdidlərin vaxtında qarşısının alınması məqsədilə həyata keçirildiyini bildirib. O, daha sonra qeyd edib ki, Avropa İttifaqı ölkəmizin əsas tərəfdaşıdır və biz bu qurumla mövcud əməkdaşlığımızı davam etdirməkdə maraqlıyıq. Şura sədri xüsusilə vurğulayıb ki, Azərbaycanın qanunlarına və milli maraqlarına hörmət edən donor və qurumların bu əlavə və dəyişiklərdən narahat olmasına əsas yoxdur.
M.Mart 2014-2017-ci illər üzrə Aİ-nın üç əsas prioritet sahə - regional və yerli inkişafa yardım, ədliyyə sektorunda islahatlara dəstək, təhsil və təcrübənin artırılması üzrə ölkəmizlə yaxından əməkdaşlıq etməyi nəzərdə tutduqlarını deyib.
A.Quliyev İnsan hüquqları üzrə İşçi qrupunun fəaliyyətinin bərpa olunması haqqında danışaraq, bu faktın Azərbaycan dövlətinin vətəndaş cəmiyyəti ilə dialoqa nə qədər önəm verdiyini və bunun qarşılıqlı xarakter daşıdığını bildirib. Şura sədri İşçi qrupunun qəbul etdiyi mühüm qərarlara diqqəti çəkərək səfirin bu prosesə dəstək verməsinin faydalı olduğunu qeyd edib. O, təəssüflə qeyd edib ki, bəzi şəxslər və dairələr bu qrupun yaranmasından və vətəndaş cəmiyyətini gündəliyində olan məsələlərin həlli perspektivindən narahat olaraq onun işinə kölgə salmaq və ictimai etimadını zədələməyə cəhd edirlər.
M.Mart insan hüquqları işçi qrupunun fəaliyyətinin bərpa olunmasını Avropa Şurasının Baş Katibi Yaqland tərəfindən yüksək qiymətləndirildiyini xatırladaraq Aİ-ninn bu işə yaxından dəstək verməyə hazır olduğunu bildirib.
A.Quliyev həmçinin Ermənistanın işğalçı qüvvələri tərəfindən iki mülki azərbaycanlının doğulduğu Kəlbəcər rayonunu ziyarət edən zaman girov götürülməsi və onlar üzərində oyuncaq məhkəmə qurulmasını insan hüquqlarının və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktı kimi səfirin diqqətinə çatdırıb. Şura sədri bu qanunsuzluğa və insanlıq əleyhinə törədilmiş cinayətə beynəlxalq ictimaiyyətin, xüsusilə Avropa İttifaqının biganə qalmasının və adekvat reaksiya verməməsinin qəbul edilməz olduğunu bildirib və girovların azad edilməsi üçün rəsmi İrəvana təzyiq edilməsinin vacibliyini Aİ-nın rəhbərliyinin diqqətinə çatdırmağı səfirdən xahiş edib.
Görüşdə şura sədri 2015-ci ildə Ermənistanın Avronest Parlament Assambleyasının illlik sessiyasına ev sahibliyi etməsi məsələsinə də toxunaraq mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələrini yerinə yetirməyən işğalçı dövlətin və Avropa İttifaqı ilə Assosiativ Sazişi imzalamaqdan imtina edən bir ölkənin buna hüquqi və mənəvi haqqının çatmadığını vurğulayıb.
A.Quliyev eyni zamanda şuranın Bakıda və rayonlarda yaratmaq istədiyi QHT-lər üçün Resurs və Təlim Mərkəzinin qurulması və fəaliyyəti ilə əlaqədar Aİ-ilə əməkdaşlıqda maraqlı olduqlarını da qeyd edib.
Səfir M.Mart öz növbəsində azərbaycanlı girovlarla bağlı məsələnin Aİ-nın rəhbərliyinin diqqətinə çatdıracağını və vətəndaş cəmiyyətinin inkişafı üçün konkret təkliflərlə bağlı müzakirələrin davamlı aparılmasına tərəfdar olduğunu deyib.
BƏXTİYAR