“ABŞ Prezidenti Co Baydenin 1915-ci ildə baş vermiş hadisələri “erməni soyqırımı” kimi qiymətləndirməsi ürək açan olmayan Türkiyə –ABŞ münasibətlərinə ciddi zərbə vurdu. Beynəlxalq münasibətlər sistemində ikili standartlar siyasəti yürüdən ABŞ tarixçilərin üzərinə düşən məsələni prezident səviyyəsində bəyanatda səsləndirməklə ortaya qərəzli mövqe qoymuş oldu”.
Bunu Teleqraf.com-a Milli Məclisin üzvü Müşfiq Məmmədli deyib.
Deputat qeyd edib ki, bir prezidentin sözü ilə bir millət soyqırımında günalandırıla bilməz: “Bu açıqlamanın nə tarixi baxımdan, nə də siyasi baxımdan heç bir dəyəri, sübutu yoxdur. Dəfələrlə Türkiyə dövlətinin müraciətlərinə baxmayaraq arxivlərin açılması, tarixi həqiqətlərin üzə çıxarılması prosesi məhz erməni havadarları olan dövlətlər tərəfindən cavabsız qalıb.
Tarixi təhrif edərək təbliğat maşını yalan istehsal edən erməni diasporasını razı salmaq məqsədi güdən Bayden heç də uzaq keçmiş olmayan Xocalı soyqırımına biganə qalması, göz yumması ədalət prinsiplərini ayaqlamaq deməkdir. 30 il müddətində ATƏT-in Mİnsk qrupu çərçivəsində Ermənistan-Azərbaycan arasında olan münaqişənin həlli yolunda bir addım atmayan, əksinə ermənipərəst mövqe ortaya qoyan ABŞ hansı haqq-ədalətdən danışa bilər?
Uzun müddət işğal altında olmuş torpaqlarımızın ermənilər tərəfindən vandalizmə məruz qalması, şəhərlərin viran qoyulması nədənsə Baydenin diqqətini cəlb etməyib.
Özünü demokratiyanın beşiyi adlandıran ABŞ bilməlidir ki, “Bir millət, iki dövlət” şüarını özünə əsas seçən Türkiyə və Azərbaycana yönəlmiş saxta siyasətin sonu iflasa məhkumdur. Cənab Prezident İlham Əliyev və qardaş Türkiyə dövlətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda sülhün təminatçısıdır. ABŞ-ın görülən işlərə kölgə salmaq, yenidən bölgəyə barıt atmaq planı isə baş tutmayacaq”.