Şuşa mədəniyyət paytaxtı kimi öz statusunu təsdiqləyir. Bu şəhər xüsusi rejimlə idarə olunan bir əraziyə çevriləcək. Burada başqa mədəniyyət komponentlərinin tətbiqi də nəzərdə tutulur. Şuşada mövcud olan abidələrin hamısı yeni qanunla tənzimlənəcək formatda xüsusi qaydada mühafizə olunacaq.
Bu sözləri Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib.
O qeyd edib ki, Şuşada xüsusi dövlət qoruğu statusunda olan bütün mədəni komponentlərin mühafizəsi həyata keçiriləcək: “Şəhərdə hər hansı tikinti aparmaq, icazəsiz giriş-çıxış belə mümkün olmayacaq. Yəni Şuşada xüsusi rejim qaydalarına uyğun olaraq inzibati sistem formalaşacaq”.
Partiya sədrinə görə, Şuşa ilə bağlı qəbul ediləcək qanun layihəsində məhdudlaşmaların olacağı da gözlənilir: “Layihədə bir çox müddəalar var. Yerli icra hakimiyyəti tərəfindən tətbiq edilən qaydalar əsas götürüləcək. Burada turizm imkanlarına da geniş yer veriləcək”.