Vəkil Abdullayevin Rusiyada yol polisi tərəfindən güllələnərək öldürülməsi Azərbaycan ictimaiyyətində haqlı suallar doğurub. Abdullayevin milliyyətcə azərbaycanlı, Gürcüstan vətəndaşı olması və Azərbaycan kökənli insanlara qarşı Rusiyada inzibati orqanların fəaliyyət müstəvisində vaxtaşırı rast gəlinən belə hadisələrin təkrarlanması sözsüz ki, cəmiyyətin həm də haqlı narazılığına səbəb olub.
Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev deyib.
O qeyd edib ki, hadisə ilə bağlı ən müxtəlif variantlardan danışmaq mümkündür:
“Rusiyanın hüquq-mühafizə və inzibati orqanlar sistemində azərbaycanlılara qarşı xüsusilə ayrı-seçkilik, qərəz və qisasçılıq siyasəti aparmaqda maraqlı olan erməni mafiyasının və dövlət elitasında erməni kökənli insanların fəaliyyətinin nəticəsi də bir variant ola bilər. Rusiyanın hüquq sistemindəki boşluqların nəticəsi kimi də meydana çıxa bilər. Azərbaycanla Rusiyanın, Gürcüstanla Rusiyanın münasibətlərini korlamaqda maraqlı olan müəyyən siyasi dairələrin fəaliyyətinin nəticəsi kimi meydana çıxması mümkündür. Ona görə burada ilk növbədə Rusiyanın siyasi hakimiyyətindən gərəkən səviyyədə siyasi iradə tələb olunur ki, bu hadisənin lazımi qiymətini versinlər.
Azərbaycanlıya qarşı törədilən aşkar cinayətin arxasında dayanan adamın tutulması və buraxılması olduqca şübhəli görünür. Buna heç nə ilə haqq qazandırmaq mümkün deyil”.
Aydın Quliyev güman edir ki, Azərbaycanın hakimiyyət orqanları da müvafiq rəsmi kanallarla bu məsələ ilə məşğuldur və Rusiyada prosesin daha obyaktiv forma almasına öz köməkliklərini göstərirlər.
Müsahibimiz deyib ki, V.Abdullayevin Gürcüstan vətəndaşı olması da sual doğurur:
“Burada mən Gürcüstanın hakimiyyət orqanları tərəfindən lazımı səviyyədə reaksiyanı görmürəm. Bəlkə də rəsmi hüquqi müstəvidə müəyyən addımlar atılır, ancaq ən azı Abdullayevin azərbaycanlı olması Gürcüstanda Azərbaycan diasporu ilə rəsmi Tiflis arasında münasibətlərə təsir göstərə biləcək bir faktdır. Çünki Azərbaycan kökənli şəxsin taleyinə Gürcüstanın hakimiyyət orqanlarından lazımı həssaslıq göstərilməsə, bu həm də Gürcüstanda azərbaycanlılar arasında başa düşülən bir səviyyədə narahatlıq yaradacaq.
Ona görə də bu məsələnin kökünün aydınlaşdırılması üçün Azərbaycanın, Rusiyanın və Gürcüstanın əlaqədar hakimiyyət orqanlarının maksimum dərəcədə obyüktivlik göstərərək koordinasiyalı şəkildə fəaliyyət göstərməsinə ehtiyac var”.