8 İyul 2021 09:23
1 350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Aydın doktor, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun delta ştamının 96 ölkədə aşkar edildiyini açıqladı. Bu baxımdan Azərbaycanda mövcud vəziyyəti necə dəyərləndirirsiniz?

- Hazırda Azərbaycanda vəziyyət stabildir. Deyə bilərik ki, ölkədə epidemik alovlanma yoxdur. Çünki ölkəmizdə peyvəndləmə gedir. Hesab edirəm ki, vaksinasiyanı bir qədər intensivləşdirmək lazımdır. Ümumi götürdükdə xeyli insan vaksinasiya olunub, bir xeylisi də yoluxub sağalıb. Mutasiya zamanı virusun bütün genomununda yox, yalnız bir hissəsində dəyişiklik baş verir. Əsas genom hissəsi öz yerində qalır. Xəstəliyi keçirənlərdə və peyvənd olunanlarda yaranmış immunitet təbii ki, delta ştammına qarşı da təsirlidir. Ola bilər 100 faiz olmasın, amma yetəri qədər təsirli olacaq. Ona görə düşünürəm ki, əvvəlki kimi yoluxma sayında ciddi artım müşahidə olunmayacaq və nəticədə hansısa qapanmaya getməyə də ehtiyac qalmayacaq.

Bu viruslara “delta” ştammı, “delta+” kimi müxtəlif hərf və rəqəmlər əlavə edərək insanları qorxutmaq lazım deyil. Çünki ara bir az sakitləşib, insanlar pandemiyadan yeni-yeni nəfəs almağa başlayır. Bu kimi hallar kifayət qədər psixoloji problemlər yaradıb. Xatırlayın, intiharların sayı artdı. Yenidən çay gəlməmiş çırmanmağa ehtiyac yoxdur.

Bəzi yoldaşlar hay-küy salırlar ki, delta gəlir, qapanma olacaq və s. İnsanları bu qədər incitmək olmaz, bu zaman onların immuniteti aşağı düşür. Azərbaycanda belə bir təhlükə yoxdur.

- Belə olan halda şənbə-bazar günləri ictimai nəqliyyatın işləməməsinin əhəmiyyəti qalırmı?

- Həftəsonu ictimai nəqliyyatın işləməməsi gülünc məsələdir. Tək mən yox, bir çox ictimai xadimlər, ziyalılar dəfələrlə bunun nə qədər absurd qərar olduğunu deyib. Amma təəssüf ki, hələlik buna bir reaksiya verilmir. Burada məqsəd nədir, bilinmir. Əslində, həftəsonu ictimai nəqliyyatdan istifadə edənlər elə də çox deyil, yəni adi günlərdəki kimi çox sıxlıq da yaranmır. Başqa sözlə, həftəsonu ictimai nəqliyyatın işləməməsinin yoluxma sayının artmasına heç bir təhlükəsi yoxdur. Bu qərar heç bir məntiqə sığmır və hesab edirəm ki, məsələ aradan qaldırılmalıdır. Çünki şənbə-bazar, eləcə də bayram günləri işləyən çox sayda muzdu insanlar var ki, onlar evlərinə 5 manat çörəkpulu aparmalıdır. İctimai nəqliyyat yoxdur deyə bu ehtiyac sahibi insanlar qazandığı 5 manatın üçünü məcbur olub taksiyə verir. Bu, çox yanlış qərardır və təcili həllini tapmalıdır.

- Dediniz ki, viruslara müxtəlif hərf və rəqəmlər əlavə edərək insanları qorxutmaq lazım deyil. Bu baxımdan sual yaranır - delta variantının əvvəlki növlə müqayisədə təhlükəsi yoxdur?

- Heç bir təhlükəsi yoxdur. Ola bilər ki, yoluxma indeksi bir qədər çox olsun. Amma indiyədək aparılan araşdırmalar göstərdi ki, mutasiyalardan ölüm faizi artmaz. Yəni bunun heç bir qorxusu, təhlükəsi yoxdur. Dolayısilə panika, ajiotaj yaratmağa da ehtiyac qalmır. Ələlxüsus da əksər insanlar peyvəndləmədən keçdiyi bir vaxtda bu ştammın heç bir təhlükəsi olmayacaq. Peyvənd yeni ştamma qarşı effektli olacaq.

- Məlum olduğu kimi ölkəmizdə üçüncü doza vaksinin vurulacağı da elan edildi. Sizcə, buna ehtiyac varmı?

- Əvvəllər də demişəm ki, əgər 6 ay ərzində əhalinin 70%-ni peyvəndləyə bilməsək, o zaman yenidən revaksinasiya lazım olacaq. Bu, özünü doğrultdu. Çünki dünyada pandemiya bitməyib. Azərbaycanda az olmasına baxmayaraq, qonşu Rusiyada, Hindistanda və bəzi Avropa ölkələrində yoluxma sayında artım var. Bunun müəyyən qədər ölkəmizə keçmə ehtimalı da var. Ona görə vaksinin üçüncü dozasının olunmasında heç bir problem yoxdur. Bu, iki doza peyvənd olunmuş şəxslərdə heç bir yan təsir yaratmır. Bu baxımdan insanlara rahat şəkildə üçüncü dozanı da qəbul etməyi məsləhət görürəm. Bu, xatırlatma dozasıdır və immunitetin təzələnməsi deməkdir.

Amma daha yaxşı olar ki, üçüncü doza vurulan peyvənd “Pfizer” olsun. Hətta iki doza “Sinovac” vurulubsa, üçüncü doza “Pfizer” peyvəndi olmalıdır. Çünki təsdiq olunub ki, “Pfizer” peyvəndinin yaratdığı immunitet təxminən 9-12 ay davam edir. “Sinovac” peyvəndində isə bu müddət 3-6 ay aralığındadır. Bir sözlə, çalışmaq lazımdır ki, üçüncü dozanın əksəriyyəti “Pfizer” olsun.

- Doktor, əvvəllər revaksinasiya müddəti 21 gün fasilə ilə 2 doza vaksin vurulması tövsiyə edilirdi. Bəs indi niyə 6 ay sonra yalnız bir doza vaksin qəbul edilir?

- Çünki 6 ay ərzində yaranan immunitet tam olaraq aradan qalxmır. Ona görə də bir xatırlatma dozası immunitetin təzələnməsi üçün kifayət edir.

- Maraqlıdır, üçüncü dozadan sonra bizi nə gözləyir?

- Bunu dəqiq bilən tək Allahdır. Biz müəyyən bilgilər əsasında müəyyən mülahizələr irəli sürə bilərik. Başa düşdüyüm qədərilə dünyada da, bizdə də koronavirusun son il yarımda yaşadığımız təhlükəsi tədricən aradan qalxıb. Artıq proses zəifləməyə doğru gedir. Başqa bir virus ola bilər, amma sırf koronavirusla bağlı daha böyük təhlükə olmayacaq.

- Toyların keçirilməsinə icazə verildi. Sizcə, yoluxma faizinə təsir göstərəcəkmi?

- Ola bilər ki, müəyyən qədər təsir göstərsin. Məlumdur ki, toyda bu qaydaların hamısına riayət etmək bir qədər çətin olacaq. Burada neqativ hallar da var. Sayla bağlı qoyulan limitə əməl olunmur. Nəzarətin hansı keyfiyyətdə olduğunu hər kəs yaxşı bilir. Qəti bir söz demək mümkün deyil. Amma təbii ki, həddindən çox adam bir yerə toplaşarsa, yeni yoluxma riski var. Toyla bağlı verilən tövsiyələrə əməl etməyin tərəfdarıyam.


Müəllif: Yeganə Oqtayqızı