“ABŞ, Rusiya və Fransa səfirlərinin Azərbaycanın rəsmi dəvətinə baxmayaraq, Şuşa səfərdən imtina etmələri, heç də onların bitərəfliyi qorumaq niyyətindən irəli gəlmir. Bu, Minsk qrupunun fəaliyyətinin, eyni zamanda münaqişənin davam etdiyini göstərməyə xidmət edir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertin fikrincə, səfirlərin bu addımı separtizmə dəstək və Azərbaycanın ərazi bütövlüyünü tanımamaq deməkdir: "Minsk qrupunun həmsədr ölkələri regional sülh və təhlükəsizliyə ciddi təhdid yaradan bu davranışla bir daha münaqişənin beynəlxalq hüquq normalarına uyğun həllində maraqlı olmadıqlarını göstərdilər. Azərbaycan heç vaxt onların istədikləri məsələləri Ermənistanla müzakirə etməyəcək. Çünki bu məsələ bitib.
Minsk qrupunun həmsədr ölkələri Azərbaycana təzyiq etmək planını işə salmaq niyyətindədirlər. Amma Türkiyə ilə imzalanmış Şuşa bəyannaməsi bunun qarşısını alacaq. Göründüyü kimi ABŞ, Fransa və Rusiyanın, eləcə də bir neçə Qərb ölkəsinin əsas hədəfi Qarabağda ermənilərə “status”un verilməsinə nail olmaqdır. Amma Minsk qrupunun bu fəaliyyəti Ermənistan və Qarabağda yaşayan ermənilərin əleyhinə olacaq. Minsk qrupu 30 il çalışdı ki, ermənilər üçün Azərbaycandan torpaq qoparsın, amma bu, Ermənistan və Qarabağdakı ermənilərin faciəsi ilə bitdi. Ermənistan cəmi 44 gün ərzində dizlərini yerə qoydu. İndi də bəzi dövlətlər ənənəvi siyasətlərini davam etdirəcəklərsə, bundan ilk növbədə ermənilər zərər görəcək”.
Qarabağ münaqişəsinin həll olunduğunu söyləyən Məhəmməd Əsədullazadə vurğulayıb ki, Azərbaycan heç vaxt ermənilərə öz daxilində status verməyəcək.