23 İyul 2021 11:28
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda terror-təxribat törətməkdə ittiham olunan Ermənistan vətəndaşları – Karapetyan Rafik Robertoviç, Qoloyan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşik Merojanoviç, Yeğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrikyan Vahagen Edikoviç, Soğomonyan Setrak Samveloviç, Dilanyan Armen Vazgenoviç, Martonyan Manuk Hovanesoviç, Ambardanyan Mels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç və Qriqoryan Feliks Arşakoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə cinayət işində olan sənədlər tədqiq olunub.

Daha sonra hakim məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edib. Hakim çıxış etmək üçün prokurora söz verib.

Bundan sonra prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror bildirib ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), və 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) maddələrini ittohamdan xaric edilməsini istəyib.

O, təqsirkəndirilən şəxslərin Cinayət Məcəlləsinin 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirli bilinmələrini və həmin maddələrin sanksiyası da nəzərdə tutulmuş qaydada cəzalandırılmalarını tələ edib.

Prokuror təqsirləndirilən şəxslərin hər birinin 7 il müddətinə azadlıqdan mərhum edilmələrini təklif edib. O, təqsirli bilinən şəxslərin cəzalarının ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsinin müəyyən olunmasını istəyib.

Prokuror əlavə edib ki, təqsirləndirilən şəxslərə təyin olunmuş cəza çəkmə müddəti bitdikdən sonra Azərbaycan Respublikasının ərazisindən məcburi qaydada çıxarılmaları təmin olunsun.

Proses təqsirləndirilən şəxslərin vəkillərinin çıxışı ilə davam edir.


Müəllif: Hacı Zeynalov