7 Noyabr 2014 13:38
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

DESFA qaz nəqliyyat operatorunun özəlləşdirilməsi Dövlət Neft Şirkətindən daha çox Yunanıstana lazımdır.

Teleqraf.com trend.az-a istinadən xəbər verir ki, bu barədə cümə günü jurnalistlərə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev bildirib.

Abdullayev qeyd edib: "Avropaya, Yunanıstana bu layihə bizdən daha çox lazımdır. İnvestisiya qoymaq üçün daha mənfəətli layihələr var".

Onun sözlərinə görə, bütün məsələlər, o cümlədən rəqabət məsələsi Yunanıstan hökuməti ilə razılaşdırılıb. Bu da öz əksini sənədlərdə tapıb. Lakin indi bu məsələ Aİ səviyyəsinə qalxıb ki, bu da normal prosesdir.

Abdullayev deyib: "Hazırda biz onlarla işləyirik".

Noyabrın 6-da Avropa KİV-i məlumat verib ki, Avropa İttifaqının (Aİ) antiinhisar idarəsi ARDNŞ tərəfindən Yunanıstanın qaz nəqli operatoru DESFA-nın səhmlərinin alınması üzrə hazırlanan sövdələşmə ilə bağlı müvafiq yoxlamalara başlayıb. Avropalı məmurlar Yunanıstanın qaz bazarında rəqabətin azalacağından ehtiyat edirlər. İdarə 2015-ci il martın sonlarında qərar çıxarmalıdır.


Müəllif: