6 Sentyabr 2021 18:10
1 332
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli Beynəlxalq Hava Limanının qısa müddətdə inşası işğaldan azad olunmuş ərazilərdə bərpa prosesinin sürətlə getdiyini bir daha təsdiqləyir. Ali Baş Komandan İlham Əliyev ilk gündən Füzuli Hava Limanını Qarabağın hava qapısı adlandırıb. Bu qapının açılmasının həm siyasi, həm iqtisadi, həm də təbii ki, böyük tarixi əhəmiyyəti var.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, tarixi və siyasi əhəmiyyətinə görə, Azərbaycan azad olunmuş ərazilərə qayıtdığı kimi, Qarabağın hava məkanında da artıq sərbəst, təhlükəsiz şəkildə uçuşlar edir:

“Bu gün Azərbaycan Qarabağda hava məkanının təhlükəsizliyini təmin etmək gücündədir. Hava limanlarının inşası bu ərazilərdə nəqliyyat infrastrukturunun kompleks həllinin tərkib hissəsidir. Nəzərə alsaq ki, Füzuli hava limanı beynəlxalq statuslu hava limanıdır və burada həm sərnişindaşıma, həm də yükdaşımaların həyata keçirilməsi gələcəkdə bölgənin iqtisadi baxımdan dirçəlməsi üçün geniş imkanlar açır”.

Millət vəkili söyləyib ki, Füzuli hava limanının uçuş-enmə zolağı Beynəlxalq Mülki Aviasiya Təşkilatının bütün tələblərinə uyğun olaraq müvafiq avadanlıqlarla təchiz olunub:

“Bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verəcək. Eyni zamanda Kəlbəcər-Laçın bölgəsində də unikal hava limanı inşa olunmaqdadır. Relyefin mürəkkəbliyinə və tələb olunan maliyyə vəsaitinin çoxluğuna baxmayaraq, Azərbaycan bu hava limanının inşasını realaşdırmaqla həm ilk təcrübə yaradır, həm də təbii ki, bölgənin bərpasını sürətləndirmiş olur. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi təbii ki, həm bu bölgədə yaşayan insanların rifahını təmin edəcək, həm də bölgənin turizm imkanlarını artıracaq”.

Könül Nurullayeva atılan addımların nəticəsində Qarabağda səmərli nəqliyyat qovşağının yaranmasından bəhs edib:

“Ümumiyyətlə, azad olunmuş ərazilərdə aparılan bərpa prosesi böyük qayıdışın təmin olunmasına hesablanıb. Soydaşlarımız bərpa işlərindən sonra aad edilən ərazilərə qayıdaraq, öz dəd-baba yurdlarında təhlükəsiz şəraitdə yaşayacaqlar”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər