“Ermənilərin işğalında olan Sədərəkin Kərki kəndi tam boşalıb”.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalist Elçin Alıoğlu məlumat verib.
Onun sözlərinə görə, kənddə qanunsuz məskunlaşan 500-ə yaxın erməni ərazini tərk edib:
“İşğalçıların nümayəndəsi müxbirin “Kənd Azərbaycana verilir?” sualına cavabsız buraxıb və onu çəkməməyi tələb edib. Ermənistanın hakimiyyət dairələri Baş nazir Nikol Paşinyanın göstərişinə uyğun olaraq Kərki kəndində daimi və ya müvəqqəti yaşayışı yasaqlayıblar. Ümumiyyətlə isə son günlər Ermənistan mediasında fasiləsiz yayılan məlumatlara və xəbərlərə görə, Kərki kəndi Azərbaycana təhvil veriləcək.
Sahəsi 19 kvadrat kilometr olan Kərki kəndi Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biridir. 1990-cu ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Ermənistan hökuməti kəndə “Tiqranaşen” adını verib. Kəndin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən M-2 magistral yolu keçir”.
Elçin Alıoğlu qeyd edib ki, Kərki kəndi ilə Qazax rayonu arasında da tarixi əlaqələr var:
“Belə ki, Kərki oykonimi kərki tayfasının adı ilə bağlıdır. Mənbələrdə kərkilərin Azərbaycana erkən orta əsrlərdə qıpçaqların tərkibində gəldiyi göstərilir. XIX əsrin əvvəllərində qazaxlı tayfasının tərkibində kərkibaşlı adlı tirənin olması haqqında məlumat verilir.
Türkmənlərin ersarı tayfasının bir qolu da kərki adlanırdı. Kərki tayfaları Türkiyə, Özbəkistan ərazisində də qeydə alınıb. Türkmənistan ərazisində Kərki adlı şəhər, rayon, qəsəbə və Kərkidağ adlı dağ var”.