11 Noyabr 2014 16:31
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Şura növbəti sönük mitinqini keçirdi

Milli Şura noyabrın 9-da növbəti dəfə mitinq keçirdi. 700 nəfərin iştirak etdiyi mitinqdə tribunada daha öncə olduğu kimi Milli Şura təmsilçiləri yer aldı. Milli Şura sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, qurum üzvləri Namizəd Səfərov, Eldəniz Quliyevin çıxış etdiyi mitinqdə yenə də müsavatçı qonaqlar salamlanmadı.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “Məhsul” stadionuna 7 min nəfərin gəldiyini iddia etsə də, Bakı şəhər Baş Polis İdarəsi mitinq iştirakçıları ilə bağlı dəqiq rəqəm açıqladı.

Məlumatda qeyd olunur ki, saat 15.00-dan 17.00-dək davam edən toplantıda sözügedən quruma daxil olan AXCP, İslam, həmçinin Müsavat, Xalq partiyalarının, eləcə də bir sıra digər müxalifətyönümlü qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 700 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

Qeyd edək ki, təşkilatçı qismində Müsavat Partiyası təmsil olunmasa da, başqanlığa keçmiş namizəd Qubad İbadoğlu, onun əsas tərəfdarı Vurğun Əyyub və digər müsavatçılar, o cümlədən Tural Abbaslı iştirak edib. Ötən dəfəki - oktyabrın 12-də keçirilən mitinqdə Müsavat lideri İsa Qəmbər və başqan Arif Hacılının meydandakı yerini bu dəfə yeni başqanın rəqibi əvəzləyib.

Bəs siyasətçilər Milli Şuranın mitinqini necə qiymətləndirir?

“Onların mitinqi statistika xarakteri daşıyır”

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadənin sözlərinə görə, Milli Şuranın mitinqi bir daha göstərdi ki, müxalifətin seçkiqabağı yaratdığı vahid qurum öz üzərinə düşən vəzifəni yerinə yetirə bilmədi: “Milli Şura əsas diqqəti iştirakçıların sayı barədə rəsmi rəqəmlə özünün elan etdiyi rəqəm arasında mübahisəyə yönəltdi. Amma Milli Şura cəmiyyətin aktual problemlərilə bağlı mövqeyini ortaya qoymamasını, hər hansı bir proqram irəli sürməməsini, cəmiyyətin onun fəaliyyətinə maraq göstərməməsini diqqətdən kənarda saxlamağa çalışırdı. Qaldırdığı şüarlar uydurma və reallığı əks etdirməyən məsələlər idi. 10 milyonluq bir ölkənin kiçik bir qrupunun orada iştirakı Milli Şuranın dərnək kimi fəaliyyət göstərdiyini bir daha sübut elədi”.

A.Mirzəzadə vurğuladı ki, Prezident İlham Əliyevin apardığı siyasət ölkə problemlərini həll edir: “Dövlət başçımızın yürütdüyü siyasət əhalinin sosial vəziyyətini yaxşılaşdırır, gündən-günə yeni iş yerləri açılır. Bu prezidentin sosial bazasının daha da genişlənməsinə səbəb olur. Bu gün Milli Şuralar Azərbaycan siyasətində yaradıcı, konstruktiv bir rol oynamadıqlarına görə onların keçirdikləri mitinq də sadəcə olaraq statistika xarakteri daşıyır”.

“Mitinqlərin təsiredici gücünü görmürəm”

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa sözügedən mitinqi izləmədiyini dedi: “Düzü, onların mitinqi maraq dairəmə daxil deyil. Azərbaycanın ictimai-siyasi həyatında hadisə yaradacaq fəaliyyət görmədiyimə görə maraq dairəmə girməyib. Mən üstünlüyü sosial şəbəkədə fəaliyyətə verirəm. Bu gün mitinqlərin effektli təsiredici gücünü görmürəm”.

“Təşkilatçının adımızı çəkməsi məqsədəuyğun olardı”

Müsavatda başqanlığa keçmiş namizəd Tural Abbaslı isə qeyd etdi ki, təşkilatçıların tribunadan onların adlarını çəkməməsinə bir o qədər önəm verilməməlidir: “Doğrudur, təşkilatçılardan hər hansı gözlənti ola bilər, ən azından qeyd oluna bilərdi ki, bizim təşkil elədiyimiz aksiyada digər təşkilatların nümayəndələri iştirak edir və təşkilatçı qismində onlara təşəkkür edirik. Təbii ki, mitinqdə iştirak üçün təşəkkürə ehtiyac yoxdur. Amma ən azından təşkilatçının ad çəkməsi daha məqsədəuyğun olardı. Bununla belə inanmıram ki, Müsavatda bu hərəkətdən kimsə incisin”.

“İsa Qəmbərin gəlməməsi texniki məsələlərlə bağlıdır”

T.Abbaslı hesab edir ki, budəfəki mitinqdə İsa Qəmbərlə Arif Hacılı bəlkə də iştirak etsəydi, bundan əvvəlki mitinqdə dost qınağı nəzərə alınardı: “Bu məsələni sosial şəbəkədə gündəmə gətirənlər var, amma indiki halda bu iradın səslənməsinin ümumi işə xeyir gətirəcəyini sanmıram. Bu dəfə İsa bəylə Arif bəy işləri ilə əlaqədar mitinqə qatıla bilmədilər. Partiyada zona müşavirələri keçirilir, onunla bağlı işləri var. İştirak etməmək səbəbi sırf texniki məsələlərlə bağlıdır”.

“Salam verməsələr də, küsmədim”

O, noyabrın 9-da baş tutan mitinqdə yenə təşkilatçıların etinasızlığı ilə qarşılaşdıqlarını dedi: “Mənə salam vermədilər, heç küsmədim də. Qubad bəyin də adını çəkmədilər, ona da söz vermədilər. Düzü, mənim heç gözləntim də yox idi. Təşkilatçıların hüququdur, onlara təşkilatçılıq barədə ağıl verə bilmərik. Yəqin belə məsləhət biliblər. Ola bilsin çıxışçılar və mövzular əvvəlcədən planlaşdırılıb, iş bölgüsündə nəzərdə tutulmayıb”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər