BMT hazırda Dağlıq Qarabağda erməni hərbi vertolyotunun məhv edilməsi haqqında informasiyanı təsdiq edə bilmir.
Teleqraf.com-un məlumatına görə, bu haqda BMT-nin rəsmi nümayəndəsi Farhan Hak jurnalistlərə bildirib.
O, bildirib ki, BMT vurulan helikopterlə bağlı faktları toplayır.
"Bizə faktları almaq və təfərrüatları aydınlaşdırmaq lazımdır, amma hal-hazırda heç bir təsdiq etmə yoxdur", - Farhan Hak deyib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.
Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib.
Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.