19 Oktyabr 2021 10:52
1 760
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Prezidenti tərəfindən Qarabağın hava qapısı elan edilmiş Füzuli şəhəri yenidən canlanacaq. Ermənilərin tamamilə dağıtdığı və viran qoyduğu şəhər növbəti illərdə 50 min sakini olan yaşayış məntəqəsi kimi istifadəyə veriləcək. Müasir standartlar və memarlıq xüsusiyyətlərinə uyğun inşa ediləcək Füzuli işğaldan azad olunan ərazilərimizdə ikinci ən böyük şəhər olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, yeni Füzuli şəhəri işğaldan əvvəlki şəhərlə müqayisədə daha geniş əraziyə malik olacaq: “Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar ərazini tutacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq. Piyada və velosipedlə hərəkət üçün ayrıca yollar çəkiləcək.

Əsasən yaşıllıqdan ibarət olan Füzuli şəhərinin mərkəzində 5 hektar Memorial Kompleksi salınacaq. Orada İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı olacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. Füzuli şəhərində 21 hektarlıq böyük meşə parkı salınacaq. Ərazidə 5000-dən çox Eldar şamı, həmişəyaşıl sərv, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ ağaclar əkiləcək”.

İqtisadçı artıq Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Füzuli şəhərində ilk yaşayış məhəlləsinin əsasının qoyulduğun deyib: “17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək. Məhəllədə çoxfunksiyalı binalar da olacaq. Ümumilikdə məhəllədə 2860 nəfərin yaşaması nəzərdə tutulur.

Füzuli şəhəri yalnız hündür mərtəbəli binalardan ibarət olmayacaq. Şəhərdə az və orta mərtəbəli çoxmənzilli binalar da inşa ediləcək. Şəhərdə həyətyanı bağ sahələri olan fərdi evlər də tikiləcək.

İlkin qiymətləndirmələrə görə, növbəti 2 il ərzində Füzuli rayonunun işğaldan azad olunan ərazilərində ilkin məskunlaşma mümkün olacaq. Tezliklə keçmiş məcburi köçkünlərimiz mərhələli şəkildə uzun müddət işğal altında qalan öz yurdlarına qayıdacaqlar. Beləliklə, işğaldan azad olunan ərazilərimizdə ikinci ən böyük şəhərin inşaatına başlanılır. Xeyirli və düşərli olsun. Allah bütün şəhidlərimizə rəhmət etsin”.


Müəllif: Yeganə Oqtayqızı