21 Oktyabr 2021 23:44
3 343
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident Rəcəb Tayyib Ərdoğan haqlıdır. BMT İkinci Dünya Müharibəsindən sonra quruldu və o zaman müxtəlif güc balansları var idi”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin 18-ci Valday Beynəlxalq Diskussiya Klubunun toplantısındakı çıxışında deyib.

Putin dünyanın son 10 ildə sivilizasiya böhranı yaşadığını müdafiə edib: "Üzləşdiyimiz böhran konseptual bir böhrandır, hətta sivilizasiya böhranıdır. Əslində, bu, yer üzündə insanın varlığını təyin edən yanaşma və prinsiplərin böhranıdır. Bu halda hansı istiqamətə hərəkət edəcəyik, nədən imtina edəcəyik, nəyi nəzərdən keçirəcəyik və ya düzəldəcəyik? Əminəm ki, əsl dəyərlər uğrunda mübarizə aparılmalı olduğu üçün biz bütün gücümüzlə onlara əməl etməliyik”.

Putin Prezident Rəcəb Tayyib Ərdoğanın yaxşı bir analitik olduğunu ifadə edib: "Ərdoğan bu yaxınlarda Rusiyaya gəldi və görüşdük. Ərdoğan Türkiyənin də Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası daimi üzv ola biləcəyini düşünür. Ancaq Rusiya buna təkbaşına qərar verə bilməz, yekdil səsə ehtiyac var. Hindistan, Cənubi Afrika kimi ölkələr də var. Əhəmiyyətli olan balansı qorumaqdır. Ərdoğana da dediyim kimi, daimi üzvlərin hüquqlarını əlindən alsaq, BMT ölər. Millətlərin birliyinə çevrilər və sona çatar. Sadəcə bir müzakirə platformasına çevrilər. “Valday Diskussiya klubu 2” olar".

Putin qeyd edib ki, Təhlükəsizlik Şurasında dəyişikliklər edilə bilər: "Ancaq Təhlükəsizlik Şurasının təməlini məhv etmədən bir dəyişiklik edilməsi lazımdır, çünki bu gün Şura BMT-nin mənasıdır. Daimi üzvlər var, onların hüquqları var. Təhlükəsizlik Şurasında təmsil olunan, lakin daimi üzv olmayanlar var. Ona görə də düşünməliyik ki, bu strukturu necə daha balanslı və effektiv edə bilərik. Bu baxımdan Prezident Ərdoğan haqlıdır. BMT İkinci Dünya Müharibəsindən sonra yaradılıb və o dövrdə müxtəlif güc balansları var idi. Artıq bu dəyişib. Bunu hamımız çox yaxşı bilirik. Təbii ki, bütün bunları müzakirə etməliyik, amma islahat yolunda səhvlərə yol verməməliyik”.

Putin ABŞ-ın İraqdan sonra Əfqanıstanı tərk etməsini və bölgədə xaosa səbəb olmasını tənqid edib: "20 ildir dünyanın ən güclü ölkəsi özünə bərabər olmayan iki bölgədə hərbi əməliyyatlar aparır. 20 ildir ki, öz məqsədləri üçün daxil olduğu bölgələri tərk edərkən böyük ziyan vurdu. ABŞ-ın apardığı müharibələr əməliyyat bölgələrinə böyük zərbə vurdu”.

Rusiya lideri Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra müvəqqəti hökumət quran və dünya ictimai rəyində narahatlıqla qarşılanan Taliban rejiminə mötədil yanaşib: “Talibanın ölkədəki radikal qruplaşmalardan qurtulmağı hədəfləyir. Rusiya olaraq görürük ki, Taliban Əfqanıstanda radikal qruplardan xilas olmaq istəyir”.

Qərbi tənqid edən Putin Qərb ölkələrinin bir çox ölkəyə təzyiqlər tətbiq etdiyini və bunun ailə quruluşuna zərər verdiyini iddia edib: “Azlıqların xeyrinə, çoxluğun əksinə ayrı-seçkilik və ya valideynlər, ailə və hətta cinsi mənsubiyyət kimi əsas dəyərlərdən imtina etmək tələbi onlar üçün sosial yenilənməyə gedən yolda mərhələlərdir. Amma Qərb bizim evimizə soxulmağa çalışmasın. Çünki rusların böyük əksəriyyəti mənəvi dəyərlərin, tarixi ənənənin, mədəniyyətin əsas götürülməli olduğunu düşünür”.


Müəllif: Yeganə Oqtayqızı