5 Noyabr 2021 10:08
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Xəzərin külək potensialının istismarı üzrə yol xəritəsi hazırlanır. Onu Beynəlxalq Maliyyə Korporasiyası, müvafiq mütəxəssis qrupları ilə birlikdə hazırlayırıq.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, yeni yol xəritəsi hərtərəfli olacaq: "Əsas məqsəd odur ki, Xəzərdəki çox böyük külək enerjisinin potensialından istifadənin mümkünlüyünü öyrənək. Onun ən yaxşı yollarını axtarıb tapmaq lazımdır.

Bunun iqtisadi və kommersiya nöqteyi-nəzərdən də cəlbedici olması lazımdır ki, müvafiq investisiya layihələri həyata keçirilə bilsin".

Pərviz Şahbazov deyib ki, ölkə başçısı tərəfindən Qarabağ və Şərqi Zəngəzur regionu yaşıl enerji zonası elan edilib: "Prezidentin Energetika Nazirliyinə belə bir tapşırığı olub. Biz hazırda bütün regionda yaşıl enerji zonasının tətbiqi üzrə konsepsiya sənədi hazırlayırıq".

Onun sözlərinə görə, layihə üzrə işlər demək olar ki, sona çatdırılıb: "Hazırda hökümətlə razılaşdırılma mərhələsindəyik. Konsepsiya imkan verəcək ki, bölgədə tam şəkildə enerji istehsalını bərpa olunan enerji vasitəsilə həyata keçirək".

Pərviz Şahbazov qeyd edib ki, yeni layihə işğaldan azad olunmuş ərazilərdə tətbiq olunacaq: "Azərbaycanda enerji sektorunda islahatlar davam edir. Mərhələli şəkildə bütün bu məsələlərə baxılmaqdadır. Beynəlxalq təcrübə dərindən öyrənilərək Azərbaycanda bu islahatların ən yüksək səviyyədə aparılması labüddür. Biz də bu istiqamətdə müvafiq işlər aparırıq.

Dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq addım-addım bu işlər həyata keçirilir. Bir neçə ay əvvəl bərpa olunan enerji mənbələri ilə bağlı Azərbaycanda yeni qanun qəbul olundu. Enerji effektivliyi sahəsində Azərbaycanda yeni qanun qqüvvəyə mindi. Bu qanunların tətbiqi üçün bir sıra, hətta çox sayda alt qanunvericilik aktları qəbul olunmalıdır, onlar işlənib hazırlanmalıdır.

Hazırda nazirlik və digər dövlət qurumları həmin qanunlar hazırlamaqdadır. Bunlar hamısı hazır edildikdən sonra mərhələli şəkidə islahatlar həyata keçiriləcək".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər