Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının formalaşmasında ən ciddi rol oynayan şəxslərdən biri də möhtərəm prezidentimizdir. Prezident İlham Əliyevin 2019-cu ildə Naxçıvanda qurum təsis olunarkən çıxışını hər birimiz xatırlayırıq. Cənab prezident davamlı olaraq təşkilatın inkişafı, təşkilata üzv olan ölkələr arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün hər zaman səylə çalışıb.
Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, bu günə qədər keçirilən sammitlərdəki çıxışına da baxdıqda görə bilərik ki, burada cənab prezidentin müstəsna xidmətləri var: “Eləcə də, 2020-ci ildə pandemiya ilə bağlı Bakıda yeni sammit keçirildi. Bütün bunlar tam əsas verir ki, cənab prezidentin bu şura çərçivəsində fəaliyyəti yüksək qiymətləndirilsin. Bu, cənab prezidentin fədakar əməyinin, atdığı addımların, gördüyü işlərin nəticəsidir”.
Ceyhun Məmmədov qeyd edib ki, şuranın növbəti görüşünün Naxçıvanda keçirilməsi qərarı çox düzgündür və xüsusi önəm daşıyır:
“2019-cu ildə Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası təsir olundu. Naxçıvan coğrafi baxımdan çox strateji yerdə yerləşir. Deyə bilərik ki, Türkdilli respublikaların kəsişməsində yerləşir. Biz Zəngəzur dəhlizinin açılmasını istəyirik. Zəngəzur dəhlizi Naxçıvandan keçərək Azərbaycanı, eləcə də türkdilli ölkələri Türkiyə ilə birləşdirəcək. Azərbaycan bu təşkilatın fəaliyyətinin daha da güclənməsinə öz töhfələrini verməyə davam edəcək”.