Azərbaycan həm öz daxili siyasətində, həm də xarici siyasətində uğurlu addımlar atmaqda davam edir.
Teleqraf.com-un məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, 2014-cü ilin sona yetməsinə bir müddət qalsa da, ümumiləşdirərək müəyyən bir fikir söyləmək mümkündür:
"Azərbaycan elə əvvəlki illərdə olduğu kimi, həm öz daxili siyasətində, həm də xarici siyasətində uğurlu addımlar atmaqda davam edir. Bunu son səfərlər də nümayiş etdirir. Hər şeydən əvvəl qeyd edim ki, hər il olduğu kimi, bu il də Azərbaycan Prezidenti müxtəlif ölkələrə təxminən 15-ə yaxın rəsmi səfər edib. Onların da əksəriyyəti Avropa ölkələrinə olub. Eyni zamanda, cənab Prezident 10-a yaxın beynəlxalq tədbirdə iştirak edib. Səfərlər Fransa, Yunanıstan, Macarıstan, İtaliya və digər ölkələrə olub. Beynəxalq təşkilatlardan söhbət gedəndə isə Şanxay Əməkdaşlıq Təşkilatı, Niderlandda III Nüvə Təhlükəsizliyi Sammiti, Böyük Britaniyada NATO sammiti, Çexiyada "Şərq Tərəfdaşlığı" ölkələrinin toplantısı, sonra Gürcüstanda Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlığına dair görüş, Xəzər sammiti və digər çox mühüm tədbirlərdə olub".