Azərbaycanın ABŞ-dakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə ABŞ-da yaşayan və fəaliyyət göstərən həmyerlilərimiz və səfirliyin əməkdaşları iştirak ediblər.
Teleqraf.com xəbər verir ki, tədbiri giriş nitqi ilə açan səfir Xəzər İbrahim Ümummilli Liderin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlər barədə danışıb. Müasir Azərbaycanın banisi kimi Ulu Öndərin dövlətçiliyimizin qorunmasında və vətənimizin inkişafında misilsiz xidmətləri, uzaqgörən siyasəti nəticəsində əldə edilmiş nailiyyətlər xüsusi vurğulanıb. Dövlətimizin daha da güclənməsi və xalqımızın rifahının yaxşılaşması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə atılan addımlar və Vətən müharibəsində qalibiyyətimizin Ulu Öndərin niyyətinin və arzularının gerçəkləşməsi baxımından əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə ABŞ-da uzun müddətdir yaşayan Azərbaycanın Xalq rəssamı Kamil Nəcəfzadənin qızı Aynur Nəcəfzadə çıxış edərək 1997-ci ildə Ümummilli Liderin ABŞ-a səfəri zamanı ABŞ-Azərbaycan Ticarət Palatasında ulu öndər Heydər Əliyevin qatıldığı Kamil Nəcəfzadənin sərgisindən danışaraq, gənc olarkən sərgi zamanı özü tərəfindən çəkilmiş tarixi fotoşəkilləri səfirliyə təqdim edib. Aynur Nəcəfzadə atasının Heydər Əliyevlə söhbətlərindən misallar çəkərək, Ümummilli Liderin onun xatirəsində unudulmaz iz qoyduğunu vurğulayıb.
ABŞ-da Azərbaycan diasporunun fəal və tanınmış nümayəndəsi, vaxtilə Vaşinqtona rəsmi səfəri zamanı Ulu Öndər üçün görüşlərdə tərcüməçi olmuş Həbib Azərsina çıxış edərək öz xatirələrini bölüşüb. Vətənimizin çətin vəziyyətdə və faciə qarşısında olduğu bir zamanda ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasına və sonrakı illərdə uzaqgörən siyasəti, müdrik və qətiyyətli addımları nəticəsində ölkənin hərtərəfli inkişafına nail olduğu vurğulanıb. Həbib Azərsina Ümummilli Liderin ABŞ Prezidenti və rəsmiləri ilə görüşlərdə göstərdiyi peşəkarlıqdan bəhs edərək, Heydər Əliyevin dahi şəxsiyyət və böyük dövlət xadimi olduğunu dəfələrlə vurğulayıb.
Tədbirin sonunda Ümummilli Liderin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq ehsan verilib.