2 Mart 2022 09:05
2 897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq altıncı gündür ki, Rusiya və Ukrayna müharibəsi davam etməkdədir. Rusiya prezidenti Vladimir Putin müharibənin beşinci günündə nüvə silahı və hipersəs raketlərinin xüsusi döyüş vəziyyətinə gətirilməsi əmrini verdi.

Əgər raketlər işə salınarsa, nəticəsi necə olacaq? Bundan təkcə Ukrayna təsirlənəcək, yoxsa?...

Teleqraf.com mövzunu araşdırıb.

Əvvəlcə mövzunun tibbi tərəfini öyrənməyə çalışdıq. Tibb professoru Adil Qeybulla bildirib ki, kütləvi qırğın silahları qrupuna daxil olan bu vasitə canlı-cansız demədən bütün ətraf mühiti məhv etməyə qadirdir:

“Nüvə silahının tətbiqi zamanı 3 əsas effekt var: zərbə dalğası, işıq şüalanması, radioaktiv şüalanma.

Zərbə dalğası - bomba partlayan zaman elə bir sürətlə havada dalğa əmələ gəlir ki, həmin dalğanın təsirindən hətta tikililər belə uça bilər. Partlayan silahın intensivliyindən, gücündən asılı olaraq zərbə dalğası da müxtəlif olur. Bunlar əsas dağıntılat törətmək üçün nəzərdə tutulur.

İşıq şüalanması - şüalanma o həddə olur ki, canlı orqanizmlər üçün böyük təhlükə törədir. Bu şəraitdə hətta insanın gözü kor da ola bilər.

Əsas effekt isə radioaktiv şüalanmadır. Bu, partlayan bombanın effektinə bağlıdır. İonlaşdırıcı şüalanma adətən canlı orqanizmlərdə dəlib keçdiyi üçün hüceyrənin genomunu dəyişir, mutasiyalara səbəb olur, şüa xəstəliyi yaradır. Bu fonda adətən xərçəng və digər xəstəliklərin inkişafına şərait yaranır.

Partlayış zamanı həmin zonada insanların intensiv yaşamasından asılı olaraq radioaktiv şüalanmanın, zərbə dalğasının, işıq şüalanmasının təsiri ilə kütləvi məhvolma baş verə bilər. Bu, insanların sıxlığından, bombanın episentrinın nə qədər yaxın olmasından aslıdır.

Zərbə dalğası nəticəsində qulaq pərdəsinin cırılması, kəllə-beyin travmasının baş verməsi də mümkündür”.

Ekspert bildirib ki, nüvə silahının partlaması nəticəsində radioaktiv dalğalar zəncirvari reaksiyalar yaradır və bu reaksiyaların yarımparçalanma dövrü bəzən yüz il və daha çox davam edir: “O dövrə qədər isə onların radioaktivliyi qalır. Həmin yerlər daim şüalanma mənbəyinə çevrilir.

Ona görə də kütləvi qırğın silahı kimi nüvə bombasının tətbiqi vəhşilikdir və bunu indiki dövrdə tətbiq etmək onsuz da kövrək olan Yer kürəsinin ümimi durumunda və ekoloji problemlərinin artmasında çox ciddi mənfi rol oynaya bilər. Mən əslində belə bir addımın atılacağını gözləmirəm. Nə qədər ağılsız və ya məsuliyyətsiz olmaq lazımdır ki, bu bombadan istifadəyə qərar verəsən”.

Bəs dünyada nə qədər nüvə silahı var?

Dünyada ən çox nüvə silahına malik ölkə - Rusiya

Keçmiş SSRİ ilk dəfə 1949-cu ildə nüvə silahını sınaqdan keçirib. SSRİ ABŞ-dan sonra dünyada nüvə silahına malik ikinci ölkə olub. Bu iki ölkə arasındakı yarışa görə 1980-ci illərdə SSRİ-də nüvə silahlarının sayı 40 mini ötmüşdü. Lakin SSRİ-nin dağılması və Vaşinqtonla Moskva arasında Strateji Silahların Azaldılması Sazişi imzalanır və bu rəqəm sürətlə azaldılır. Buna baxmayaraq, Rusiya hələ də dünyada ən çox nüvə silahına sahib ölkə olmaqdadır.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatına görə, Rusiya 6255 nüvə başlığı ilə dünyada birinci yerdədir. 2020-ci illə müqayisədə ötən il Rusiya administrasiyasına məxsus nüvə silahlarının sayı 120 ədəd azalıb.

ABŞ isə 5550 nüvə silahı ilə ikinci pillədə qərarlaşır. Bu iki ölkə dünya nüvə silahlarının 90 faizindən çoxuna sahibdir. ABŞ-dan başqa qərb blokunda olan Fransanın 290, Böyük Britaniyanın isə 225 nüvə başlığı var.

Çernobl faciəsi və qalıntıları

Çernobl faciəsi nüvə silahının yaratdığı fəsadların bariz nümunəsidir. 1986-cı il aprelin 26-da Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasının 4 nömrəli enerji blokunun reaktorunda baş verən güclü partlayış reaktoru əhatə edən qoruyucu örtüyü dağıdır və yanğına səbəb olur. Yanğını söndürmək və şüalanmanın qarşısını almaq məqsədi ilə stansiyaya dərhal ordu qüvvələri və helikopterlər cəlb olunub. Bununla yanaşı, SSRİ ölkələrindən on minlərlə könüllü bu əməliyyatlara qoşulur. 9 gün qəzanın nəticələrinin aradan qaldırılması işləri davam edir. Partlayış baş verən 4-cü blokun üzərinə 5 min tondan çox qum, çınqıl tökülür. Qəzalı blok dəmir beton hissələri ilə örtülür.

Hadisə nəticəsində radioaktiv şüalanma minlərlə kilometr məsafəyə yayılır. Qəza zonasına yaxın ərazilərdə yaşayan insanlar şüalanmaya məruz qalan ərazidən uzaqlaşdırılır və stansiya ətrafında Pripyat və Çernobıl şəhərlərinin də daxil olduğu 30 kilometrlik radiusda “təcrid zonası” yaradılır.

Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması əməliyyatlarına ümumilikdə 650 min insan cəlb olunub. Rəsmi məlumatlara görə, onların 15 mindən artığı bir neçə ildən sonra şüalanma nəticəsində dünyasını dəyişib. Qeyri-rəsmi məlumatlara görə isə bu rəqəm 95-100 min arasındadır. Xilasetmə işlərində iştirak edən digər insanlar ağır şüalanmaya məruz qalıblar.

Partlayışdan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət edib və bu ərazilərin ekoloji vəziyyətinə ciddi təsir göstərib. AES-in partlamış bloklarının təhlükəsizliyini təmin etmək üçün keçirilən əməliyyatlarda 15 mindən çox azərbaycanlı da iştirak edib ki, onların da böyük əksəriyyəti 1-ci qrup əlildir.

Həmin bölgədə və qonşu ərazilərdə yaşayan təxminən 6-8 milyon insan da müxtəlif dərəcədə şüalanmaya məruz qalıb.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər