28 Noyabr 2014 17:37
1 785
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin "Regional Təlim İnkişaf Proqramı-1" çərçivəsində Şirvan şəhərində 7-ci "Kompleks Təlim Proqramı"nın rəsmi açılışı olub.

Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin Teleqraf.com-a verdiyi məlumata görə, tədbirdə "Azərsu" ASC-nin fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib. Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov şəhərdə həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat vermiş, istehlakçıların içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması ilə bağlı “Azərsu” ASC tərəfindən görülən işləri yüksək qiymətləndirib.

"Azərsu" ASC sədrinin birinci müavini Teyyub Cabbarov Şirvan şəhərinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verərək bildirib ki, Aran bölgəsinin böyük infrastruktur layihələrindən olan Şirvan–Muğan qrup su kəmərinin istismara verilməsindən sonra şəhərin su təchizatında ciddi dönüş yaranıb: “2013-cü ilin iyulunda möhtərəm Prezident İlham Əliyev Şirvan-Muğan qrup su kəmərindən Şirvan şəhərinə içməli suyun verilməsinin açılışını edib. Yeni mənbədən suyun verilməsindən və yeni infrastrukturların yaradılmasından sonra Şirvan şəhərinin içməli su təchizatında əhəmiyyətli dəyişikliklər olub. Şəhərin mərkəzləşmiş su təchizatı sistemi olmayan Yeni Yaşayış Massivində infrastruktur yaradılmış 15 mindən çox sakin 24 saat su ilə təchiz olunub. Bu ilin mayında Şirvan şəhərinin Çılpaqlı qəsəbəsinə Şirvan-Muğan qrup su kəmərindən içməli suyun verilməsinə başlanıb və 5000-dək qəsəbə sakininin su problemi həllini tapıb”.

“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov Aran bölgəsinin digər şəhər və rayon mərkəzlərində həyata keçirilən layihələr barədə məlumat verərək bildirmişdir ki, bu layihələr əhalinin içməli su və kanalizasiya ilə bağlı problemlərinin birdəfəlik həllinə xidmət edir:

““Azərsu” ASC-nin sifarişi ilə hazırda 24 şəhər və rayon mərkəzində içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələri icra olunur. Yeni infrastrukturları idarə etmək üçün peşəkar kadrların hazırlanması prioritet kimi müəyyənləşdirilib. Həyata keçirilən təlim proqramları yerli sukanal idarələrində çalışan işçilərin bilik və bacarıqlarının artırılmasına xidmət edəcək”.

"Azərsu" ASC-nin İşlər İdarəsinin rəis müavini Rahid Fətəlizadə bildirib ki, bu il keçirilən sonuncu regional təlimdə Şirvan, Sabirabad, Saatlı, Göyçay, Kürdəmir, Ucar, Hacıqabul və Neftçala, həmçinin “Kür su kəmərləri” İdarəsinin 175 əməkdaşı iştirak edir. Dekabr ayının ortalarına qədər davam edəcək təlimlər seminar və praktiki məşğələlər formasında keçirilir. Təlimləri müvəffəqiyyətlə başa vuran işçilər "Azərsu" ASC-nin "Daxili təlimçilərin təlimi" layihəsi üzrə namizədlərin seçilməsi və hazırlanması layihəsinə daxil ediləcək. Təlim müddətində iştirakçıların asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif sosial proqramlar həyata keçiriləcək.

NİGAR


Müəllif:

Oxşar xəbərlər