Laçın rayonunun Zabux kəndindəki qanunsuz erməni icmasının rəhbəri Andranik Çavuşyan “Hraparak” qəzetinə bildirib ki, kənddə təxliyyə işlərilə məşğuldurlar.
Teleqraf.com xəbər verir ki, Çavuşyanın sözlərinə görə, artıq məktəbi boşaltmaq üçün onlara maşın ayırıblar.
Kənddən köçəcək hər adam üçün 40 min dram təzminat ödəniləcəyi məsələsindən danışan Andranik Çavuşyan deyib:
“Həmin pul sertifikat məsələsi həll olunana qədər icarə əsasında veriləcək. İrəvana köçənlərə şəhadətnamə verilməlidir ki, 10 milyon dram ekvivalentində pul xərcləsinlər”.
Kənddə 200-dən çox sakinin - 54 ailənin olduğunu deyən icma sədri onlardan neçəsinin Qarabağa, neçəsinin isə Ermənistana köçəcəyinə aydınlıq gətirib:
“54 ailədən yalnız 7-si Qarabağda qalacaq, qalanları müxtəlif istiqamətlərdə Ermənistana köçəcək, İrəvana, Sünikə və s”.
Qarabağda qalmaq istəyən həmin 7 ailənin harada yaşayacağına gəlincə A.Çuvaşyan “hələ bəlli deyil, sabah o işlərlə məşğul olacağıq, yəqin ki, tikilməkdə olan evlərin məsələsi həll olunana qədər müvəqqəti olaraq qonaq evlərində yaşayacaqlar” deyib.
Özünə gəlincə, A.Çuvaşyan Xankəndidə yaşayacağını vurğulayıb.
İcma sədri onu da deyib ki, Zabuxu tərk edəcək ermənilərin indiyə kimi yaşadıqları evləri yandıracağına inanmır.