5 Dekabr 2014 14:30
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Prezident Administrasiyası, Mətbuat Şurası və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanın informasiya təhlükəsizliyinin qorunmasında medianın rolu” mövzusunda konfrans keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə KİV nümayəndələrinə “Dövlət Sirrinin Mühafizəsi üzrə vacib məlumatlar” adlı broşur paylanıb.


Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, cəbhə xəttində baş vermiş son hərbi helikopterin vurulması hadisəsi ilə bağlı Azərbaycanın əksər mediası peşəkarlıq nümayiş etdirib. Onun sözlərinə görə, cəbhədə baş verən avqust hadisələrindən sonra mediada yaşanan xoşagəlməz hallar və bununla bağlı qanunvericilikdə edilən dəyişikliklər artıq öz müsbət nəticəsini verməkdədir: “Bu ilin avqustunda cəbhə xəttində baş verənlərdən sonra bir sıra KİV-lər cəmiyyətə düzgün informasiya çatdırmaq istiqamətində vəzifələrini layiqincə yerinə yetirə bilməyiblər. Ona görə də jurnalistlərin peşəkarlığının artırılması üçün Mətbuat Şurası qarşısında vəzifə qoyulub. Yəqin ki, bu yaxınlarda Mətbuat Şurasının üzvləri redaksiyalarda olacaq və jurnalistlərlə izahat işləri aparacaqlar”.

Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev qeyd edib ki, Azərbaycan erməni lobbisinin və daxildəki “beşinci kolon”un təsirinə məruz qalır: “Avqustun əvvəllərində qoşunların təmas xəttində törədilən təxribatlar, ötən ay işğal olunmuş ərazilərdə Ermənistanın hərbi təlimlər keçirməsi və vertolyotun vurulması hadisəsi göstərdi ki, erməni informasiya resursları cəbhə bölgəsində informasiya diversiyası həyata keçirir. Nəzərə almaq lazımdır ki, ermənilərin növbəti təxribatları istisna olunmur. Ermənilər həm də qondarma soyqırımın yüzilliyi ilə bağlı Türkiyədə tədbirlər keçirməyə başlayıblar və bundan Azərbaycana qarşı da istifadə etməyə çalışacaqlar.

Bu yaxınlarda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev keçirdiyi müşavirədə mövcud vəziyyəti təhlil edib, çıxış yollarını göstərib. Bəzi KİV-lər milli maraqlara məhəl qoymadan, bəzən ermənilərin maraqlarına uyğun fəaliyyət göstərirlər, müvafiq qurumların mətbuat xidmətlərinin fəaliyyətində çatışmazlıqlar var. Prezidentin imzaladığı sərəncamda müdafiə və təhlükəsizlik sahəsində qanunların, dövlət sirri təşkil edən məlumatların KİV-də, sosial şəbəkələrdə yayılmasının qarşısını alan tədbirlər müəyyənləşdirilib. Artıq müvafiq qurumlar tədbirlər həyata keçirirlər. Prezident Administrasiyasının İctimai-siyasi şöbəsi də müvafiq tədbirlər planı hazırlayıb həyata keçirməkdədir. Avqustun əvvəlində baş vermiş hadisə ilə müqayisədə vertolyot vurulan dövrdə mətbuat məsələlərə kifayət qədər peşəkar yanaşdı. Bildirildi ki, vertolyotun vurulması təxribata layiqli cavab olub. Ancaq bunlar problemlərin aradan qalxması anlamına gəlmir. Çox təəssüf ki, bəzi İnternet resursları məsələlərə peşəkar yanaşmır, informasiyanı dəqiqləşdirmir. Məsələn, bu günlərdə ermənilər guya Murov dağında donmuş cəsədlərlə bağlı və digər təxribat xarakterli məlumatlar yaydılar. Ardınca bizim bəzi elektron KİV-lər bunu tirajladı. Yaxud, saytlardan biri bu yaxınlarda vertolyotun vurulması ilə bağlı sorğu keçirib, guya rəyi soruşulanların 49 faizi bunu müsbət qarşılamayıb. Bəzi qruplar Qərbin qrantlarının təsiri altında hərəkət edir. Ermənistanın sözçüsü kimi çıxış edən bəzi xarici təşkilatlara münasibətdə hücum taktikası həyata keçirilməlidir.


Bu gün Azərbaycan mediası nüfuzuna görə Ermənistan və Gürcüstan mediasını geridə qoyur. Hesab edirəm ki, jurnalistlər arasında ixtisaslaşma aparılması və onların müvafiq qurumlarda akkreditasiyası vacibdir. Xüsusən söhbət hərbi sahədə yazan jurnalistlərdən gedir. Erməni mənbələrinin yaydığı dezinformasiyalar fakt kimi qəbul edilməməli, Müdafiə Nazirliyi və digər strukturlarla dəqiqləşdirilməlidir”.


Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı isə bildirib ki, müdafiə nazirinin müvafiq qərarı ilə "Silahlı Qüvvələrdə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə işin təşkili haqqında Təlimat" hazırlanaraq qoşun növlərinə göndərilib: “Sənəddə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə işin təşkili qaydaları, media ilə əlaqələr, münasibətlərin əsas istiqamətləri, prinsipləri, jurnalistin hərbi obyektə buraxılması qaydaları və digər məsələlər öz əksini tapıb. Ölkə başçısının 24 sentyabr tarixli sərəncamının yerinə yetirilməsi məqsədilə “Jurnalistlərin cəbhəboyu zonada akkreditasiya və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”nın layihəsi hazırlanıb. Layihə artıq hüquqi ekspertizadan keçirilib və Nazirlər Kabinetinə təqdim olunub. Sənəddə ümumi müddəalar, akkreditə üçün müraciətin edilməsi və baxılması, akkreditə olunma (kimlərə və neçə şamil edilir), akkreditə olunmadan imtina və akkreditənin ləğvi, jurnalistlərin cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Müdafiə Nazirliyi ilə razılaşdırılması bəndləri var. Bundan əlavə, müdafiə nazirinin əmrinə əsasən "Dövlət sirrinin mühafizəsi üzrə vacib məlumatlar" toplusu buklet formasında hazırlanaraq Silahlı Qüvvələrin şəxsi heyətinə və əmrdə göstərildiyi kimi Mətbuat Şurasına təqdim olunub. Hazırda "İnformasiya təhlükəsizliyi" və "Fiziki təhlükəsizlik" üzrə məlumatlar adlı toplular da hazırlanaraq şəxsi heyətə çatdırılıb və yaxın günlərdə KİV nümayəndələrinin tanış olması üçün nazirliyin rəsmi internet səhifəsində yerləşdiriləcək”.


“Gündəlik Teleqraf” Media Holdinqinin rəhbəri Aynur Camalqızı isə mövcud problemlərlə əlaqədar vəziyyətdən çıxış yollarının axtarılmasını vacib saydığını bildirib: “Biz çıxış yollarını axtarıb tapmalıyıq ki, daha bu cür səhvlər təkrar olunmasın. Çox təəssüf ki, “online” mediada operativlik, birincilik dalınca qaçmaq meyilləri mövcuddur. Məncə, Müdafiə Nazirliyi ilə media arasında yaranan problemlər də bundan irəli gəlir. Hesab edirəm ki, Mətbuat Şurası bu cür məsələlərə müdaxilə etməlidir. Çox yaxşı olar ki, biz rəsmi xəbərləri bir yerdən alaq və onlayn mediada istinadlara son qoyulsun. Çünki dövlətin və ordunun əleyhinə olan bir xəbər bir media orqanında yayılandan 2 dəqiqə sonra 70-80 saytda təkrar dərc olunur. Və həmin xəbərin yayılması məqbul deyilsə, onu bir saytdan yığışdırmaq daha asandır, nəinki 70-80 saytdan. Bununla bağlı bir əsasnamənin hazırlanmasına ehtiyac olduğunu düşünürəm. Mətbuat Şurası həmçinin, reklam verən şirkətlərlə də danışıqlar apararsa və reklamların verilməsi ilə bağlı reytinqi daha yüksək olan saytlara deyil, peşəkarlığı yüksək olan saytlara üstünlük verilməsi məsələsi müzakirə olunarsa, bu daha məqsədəuyğun olardı”.



Vasif Həsənli
Fotolar: Elçin Murad


Müəllif:

Oxşar xəbərlər