5 Dekabr 2014 16:03
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hadı Rəcəbli: “Qarabağ münaqişəsi nəticəsində 12 min vətəndaş əlıl olub”

“Hər bir ölkədə elə qrup insanlar var ki, onlara münasibət daha böyük diqqət və həssaslıq tələb edir. Bunlar daim sosial və eləcə də mənəvi qayğıya ehtiyacı olan əlillərdir. Əlillik anadangəlmə də ola bilər, sonra da yarana bilər. İstənilən halda bu insanlar cəmiyyətin ayrılmaz hissəsidir. Onların reabilitasiyası, cəmiyyətə inteqrasiyası mühüm sosial vəzifələrdən biridir. Hazırda dünya əhalisinin təxminən 15 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Azərbaycanda isə əhalinin 5,6 faizi, yəni 530 min nəfər əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır”. Bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

Onun sözlərinə görə, Azərbaycanda əlilliyin səviyyəsinin digər ölkələrə nisbətən aşağı olmasının səbəblərindən biri ölkə əhalisinin gənc olmasıdır: “Ölkəmizdə əlilliyin artmasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin rolu olub. Respublikamızın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar döyüşlərdə 12 minə yaxın vətəndaşımız əlil olub. Digər tərəfdən, ayrı-ayrı xəstəliklərin müalicəsinin düzgün və ya vaxtında aparılmaması onların ağırlaşaraq əlillik vəziyyətinə çevrilməsinə şərait yaradıb. Anadangəlmə və müalicəsi mümkün olmayan xəstəliklər, yol qəzaları və texnogen qəzalar zamanı alınan zədələr, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında və sovet qoşunlarının tərkibində Əfqanıstanda hərbi əməliyyatlarda iştirak etmək əlilliyə gətirib çıxaran səbəblərdir”.

Komitə sədri qeyd edib ki, indiyə qədər əlillərin sosial müdafiəsi ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilib. Onun sözlərinə görə, son 11 ildə Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb, belə insanların müalicəsi, reabilitasiyası, sosial təminatı ildən-ilə yaxşılaşıb:

“Xüsusən bu dövrdə bərpa-müalicə şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi təmin olunub. Bu illərdə Naxçıvan, Şirvan, Lənkəran, Şəki, Sumqayıt, Naftalan, Xaçmaz, Yevlax şəhərlərində regional bərpa mərkəzləri istifadəyə verilib. Həmçinin, sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə Bakı və Naxçıvan şəhərlərində uşaq bərpa mərkəzləri yaradılıb. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olmaqla ölkənin paytaxtında və bölgələrində yerləşən 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir. Həmin mərkəzlərdə hər il orta hesabla 8 min nəfərə yaxın əlil və sağlamlıq imkanları məhdud uşaq dövlət hesabına tibbi-sosial reabilitasiya xidməti ilə, 5 min nəfərə yaxın belə şəxs isə protez-ortopedik məmulatlar və reabilitasiya vasitələri ilə təmin edilir. Əlillərin xarici ölkələrdə müalicəsinin təşkili daim diqqətdə saxlanılmış və hər il yüzlərlə əlilin xarici ölkələrdə bərpa müalicəsi, istirahət zonalarında istirahəti təşkil olunur. Əlillərin mənzillə təminatı sahəsində də mühüm tədbirlər həyata keçirilib. Təkcə son 9 ayda bir sıra rayonlar üzrə 172 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin edilib”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər