5 Sentyabr 2022 22:58
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan və Ermənistan liderlərinin Brüsseldəki görüşündən sonra Rusiya Prezidenti Vladimir Putin hər iki dövlətin başçısına zəng etdi. Qənaətimə görə, Kreml Brüsselin vasitəçiliyindən narahatdır və sülh müqvəsinin bağlanmasını yalnız Moskvanın iştirakı ilə məqbul görür”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, Rusiya Brüsselin vasitəçiliyi ilə sülh müqaviləsinin bağlanmasını regiondakı möqelərinin zəifləməsi kimi qəbul edir:

“Buna görə də hər görüşdən sonra Putin hər iki ölkənin lideri ilə əlaqə saxlayır, tərəflərin mövqeləri ilə yaxından tanış olur. Moskva onu da anlayır ki, Brüsselin sülh müqaviləsinin imzalanması istiqamətindəki səyləri konkret nəticəyə hesablanıb, vaxtın uzadılmasına yox. Moskva onu da bilir ki, Bakı və İrəvan da Brüssel formatına üstünlük verir. Rusiya isə prosesdə qızışdırıcı və pozucu mövqe tutur. Bu isə nə Bakının, nə də İrəvanın marağındadır. Hesab edirəm ki, əgər Rusiya Avropa İttifaqının təşəbbüsündən narazıdırsa, onda praqmatik mövqe ortaya qoyub, sülh müqaviləsinin bağlanmasına töhfə versin. Amma bunu istəmir.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Moskvaya çağırılıb. Moskva Paşinyanın Brüsseldə Azərbaycan lideri ilə hansı razılaşmaya getdiyini müəyyənləşdirməyə çalışır. Bu fonda isə Ermənistan müdafiə naziri Suren Papikyan ABŞ-a gedir. Görünən budur ki, Paşinyan “iki od arasında” qalıb, eyni zamanda, hər iki tərəfdən divident qazanmağa çalışır. Hesab edirəm ki, İrəvanın Moskva və Vaşinqton arasında get-gəli sülh müqaviləsinin bağlanmasını yubada bilər, amma təxirə sala bilməz”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Paşinyan ilin axırına kimi sülh müqaviləsinin bağlanacağı mesajını versə də, manevr etməyə də çalışır6 “O, bunun üçün ilk növbədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Yetirməyəcəksə, vaxt onun və ölkəsinin əleyhinə işləməyə başlayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər