Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Teleqraf.com xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib.
Son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyır.
Bir neçə halda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının Azərbaycan Respublikasının ərazisinə sızma cəhdləri müəyyən edilib və hərbi birləşmələrimizin sayıqlığı nəticəsində onların qarşısı alınıb. Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahları, ağır artilleriya vasitələrini və şəxsi heyəti cəmləşdirməsi müşahidə olunmaqdadır.
Ermənistanın yüksək çinli rəsmi şəxslərinin verdikləri açıqlamalara baxmayaraq, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində mövcudluğu və qanunsuz erməni hərbi birləşmələri ilə birgə fəaliyyəti davam edir.
Azərbaycan Respublikası tərəfindən Qarabağ və Şərqi Zəngəzurda Ermənistanın otuz illik işğalının nəticəsi olaraq, genişmiqyaslı və çətin humanitar mina təmizləmə fəaliyyəti aparıldığı halda, Ermənistan tərəfindən yenə də Azərbaycan ərazilərində qəsdən mina basdırılması əməlləri davam edir.
Ermənistanın siyasi-hərbi rəhbərliyi bu kimi hərbi avantüralarla qəsdən regionda vəziyyəti gərginləşdirmək, sülh müqaviləsi üzrə danışıqların baş tutmasını pozmaq, 10 noyabr 2020-ci tarixli üçtərəfli bəyanat üzrə öhdəliklərini yerinə yetirməmək, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı tikinti-quruculuq layihələrini ləngitmək, Ermənistan əhalisini və beynəlxalq ictimaiyyəti çaşdırmaq kimi məqsədlər güdür.
Son hadisələr onu göstərir ki, Azərbaycan sərhədinin yaxınlığında təhlükəsiz zona yaradılmalıdır. Əks təqdirdə Ermənistanın təxribatları davam edəcək. Ermənistan sülhə məcbur edilməlidir. Ermənistanda revanşizmin baş qaldırmasına imkan vermək olmaz!