Sərhəddəki son təxriblarına Azərbaycandan ağır cavab alan Ermənistanın çarəsizliyi Yunanıstanı narahat edib.
Teleqraf.com xəbər verir ki, Ermənistanın geosiyasi cəhətdən neytrallaşdırılmasının Türkiyəni Yunanıstan üçün daha təhlükəli hala gətirəcəyini yazan yunan mətbuatı bölgədəki rolunu gücləndirən Ankaranın çoxlu kozırlara sahib olacağını bildirir.
Ermənistanın son təxribatlardan sonra Azərbaycanla rəqabət apara bilməməsi Yunanıstan mətbuatını təşvişə salıb.
Yunan mətbuatında yayılan bir analitik məqalədə qeyd olunur ki, Türkiyə Qərbin Avro-Atlantik məkandakı fəallığından, Rusiyanın isə Asiya dövlətləri ilə yaxınlaşmasından istifadə edərək, müstəqil şəkildə Orta Asiyadakı mövqelərini gücləndirmək üçün hərəkətə keçib.
Məqalədə Türkiyənin türkdilli ölkələrin faktiki lideri olduğu qeyd edilərkən, Türkiyə-Azərbaycan sisteminin Mərkəzi və Cənubi Asiyanın mərkəzində yerləşdiyi bildirilir. O da qeyd olunur ki, Ermənistanın məğlubiyyəti Türkiyə və Azərbaycanı gücləndirəcək, Türkiyəyə regiondakı digər dövlətləri öz orbitinə çəkmək üçün lazım olan nüfuzu və geosiyasi çəkini təmin edəcək.
Ermənistanın geosiyasi cəhətdən neytrallaşdırılmasının Türkiyənin Şərqlə Qərbi tarazlaşdıran müstəqil aktor kimi rolunu daha da gücləndirəcəyi vurğulanır.
Təhlildə formalaşmaqda olan yeni beynəlxalq sistemdə rolunu gücləndirən Türkiyənin bir çox kozırlarının olacağına da diqqət çəkilir:
“Buna görə də Yunanıstanın müdafiəsi Ermənistandan başlayır. Yunan diplomatiyası Ermənistanı dəstəkləmək üçün hər fürsətdən istifadə etməlidir. Ermənistanın zəifliyi Türkiyəni Yunanıstan üçün daha təhlükəli edir. Yekun olaraq qeyd edək ki, Ermənistana dəstək Yunanıstanın təhlükəsizliyi və vahid və bölünməz geosistem çərçivəsində geosiyasi fəaliyyəti üçün zəruri addımdır”.