9 Dekabr 2014 11:58
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akif Nağı: "Ermənilərin hansısa linç məhkəməsinə gedəcəklərinə inanmıram"

Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində sərhədi qanunsuz keçməkdə və qəsdən adam öldürməkdə təqsirləndirilən kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin "məhkəməsi" davam edir.

Ermənistan mətbuatının yaydığı xəbərə görə, sonuncu "məhkəmə prosesi" zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyev tərəfindən öldürüldüyü iddia edilən Sumbat Çakanyanın qohumları kəlbəcərli girovların onlara təhvil verilməsini tələb edib. Sumbat Çakanyanın anası bununla bağlı yerli KİV-lərə açıqlama verib: "Bilirəm ki, dekabrın 12-də vəkillərin və prokurorların çıxışı olacaq. İndidən aydındır ki, Sumbatı Əsgərov öldürüb, amma bunu etiraf etmir. Mən oğluma 7 dəfə atəş açan insanın mühakimə olunmasını istəmirəm. Qoy, onu mənə versinlər!".

Qeyd edək ki, bu ilin yayında öz ata-baba yurdlarını ziyarətə gedən Dilqəm Əsgərov və Şahbaz Quliyev işğalçı ordunun hərbçiləri tərəfindən girov götürülüb, Həsən Həsənov isə qətlə yetirilib. Daha sonra - oktyabrın 27-də D.Əsgərov və Ş.Quliyevin üzərində məhkəmə prosesi başlayıb.

Bəs, artıq yekunlaşmaq üzrə olan bu qondarma məhkəmənin sonu, girovların taleyi necə olacaq? Bir müddət öncə Qarabağ Azadlıq Təşkilatının girovlara azadlıq tələbi ilə keçirdikləri aclıq aksiyasına cavab verilibmi?

Bu istiqamətdə suallarımızı cavablandıran Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, "məhkəmə"nin sonundan yaxşı nə isə gözləmir. O qeyd edib ki, ermənilər "məhkəmə prosesi"nin müddətinin uzadılmasına çalışırlar: "Erməni tərəfi hansısa qərar çıxarılmasında, beynəlxalq təşkilatların, böyük dövlətlərin onlara müraciət etməsində maraqlıdırlar. Yəni, prosesi maksimum uzatsınlar, sonda da böyük bir minnətlə nələrinsə qarşılığında girovları geri qaytarsınlar. Təbiidir ki, emənilər girovlarımızı qaytaracaqlar, bunun geci-tezi var. Amma bu "məhkəmə"dən yaxşı nə isə gözləmirik".

A.Nağı qeyd edib ki, məhkəmənin gedişində də ziddiyyətli məqamlar ortadadır: "Onlar gah deyirlər ki, mayoru və onun yanındakı qadını bizimkilər öldürüb. Sonra məlum olub ki, onların öz aralarında atışma olub, başqa faktlar ortaya çıxdı. İndi uşağın öldürülməsini bunların üzərinə yıxmaq istəyirlər. Allah bilir, orda soydaşlarımıza nə işgəncələr verirlər ki, bunu "boyunlarına" alsınlar". Halbuki, o uşağın ölümü ilə bağlı ortada sübut yoxdur. Amma buna baxmayaraq, yəqin ki, ermənilər ağıllarına gələn nəticəni çıxaracaq və ortaya onların etmədiyi hansısa cinayətlərlə yükləyib hərəsinə tutaq ki, 10-15 il iş verəcəklər. Sonra da bunun üzərindən siyasi möhtəkirliyə, alver etməyə başlayacaqlar. Amma bu məsələyə beynəlxalq ictimaiyyətin diqqəti bir qədər də intensivləşib. Ona görə də inanmıram ki, ermənilər hansısa linç məhkəməsinə getsinlər".

Onu da qeyd edək ki, Prezident İlham Əliyev D.Əsgərovun, Ş.Quliyevin və qətlə yetirilən H.Həsənovun ailəsinə yeni mənzil verilməsi barədə göstəriş verib. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bugünlərdə mətbuata açıqlamasında deyib ki, prezident İlham Əliyev hətta evləri olsa belə, hər üç şəxsin ailəsinin yeni mənzillə təmin olunmasını tapşırıb: "Bu, girovların ailələrinə diqqətin bir formasıdır. Yəni, bu addım onların bir Azərbaycan vətəndaşı kimi müdafiə olunmalarının tərkib hissəsidir. Yəni, azadlığa çıxa bilmələri üçün əllərindən gələni edirlər, eyni zamanda, burda da çalışırlar ki, əgər onların ailələrinin sıxıntıları varsa, onları aradan qaldırsınlar".

A.Nağı bir müddət öncə girovların azad edilmələri istiqamətində keçirdikləri aksiyaya olan ictimai diqqət barədə də danışıb: "Girovlardan birininin qardaşı - Sahib Musayev daha fəalıdır. O, BMT başda olmaqla əksər təşkilatlara müraciət etdi. Orada deyirlər ki, Qarabağ Azadlıq Təşkilatından da məktublar gəlib, hazırda həmin məktublar öyrənilir, müəyyən strukturlara göndərilib, cavab veriləcək və sair. Yəni, bizə birbaşa cavab verilməsə də, dolayısıyla reaksiya verdilər. Amma bizim üçün vacib deyil ki, onlar bizə yazılı şəkildə cavab versinlər. Bizim üçün əsas odur ki, onlar bu məsələ ilə bağlı narahatlıq keçirsinlər və hərəkətə keçsinlər. Yəni, bunun müəyyən əlamətləri hiss olunur".

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər