“Oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada keçirilmiş “Avropa siyasi birliyi” Zirvə Toplantısına Azərbaycanın dəvət olunması ölkəmizin Avropa üçün artan əhəmiyyətinin daha bir göstəricisidir. Ölkəmizin Avropanın enerji təhlükəsizliyi məsələsində getdikcə artan rolunu nəzərə alsaq, əsas məqsədlərinə Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirmək də aid olan “Avropa siyasi birliyi”nin Azərbaycana olan marağı təbii ki, anlaşılandır.”
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, İlk dəfə keçirilən Zirvə Toplantısı qitənin ölkələri arasında yeni siyasi əlaqələndirmə platformasıdır. Tədbirdə ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak ediblər: “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilmiş dəyirmi masada çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni vəziyyət, Azərbaycanın Ermənistanla sülh müqaviləsinin imzalanmasına dair təklifi, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi, Cənubi Qafqazda Azərbaycan-Gürcüstan-Ermənistan üçlü formatında vahid müzakirə platformasının yaradılmasının vacibliyi və digər önəmli məsələlər barədə fikirlərini səsləndirib. Dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində və Brüssel sülh gündəliyinin formalaşmasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı və təşəbbüsü ilə keçirilmiş görüşlərin əhəmiyyətini vurğulayıb. Azərbaycan Prezidenti qeyd edib ki, sülh müqaviləsi üzrə danışıqlar uzun müddət davam etməməli, mümkün qədər qısa zaman kəsiyində başa çatdırılmalıdır. Özünün siyasi iradəsini və prinsipial mövqeyini bütün mötəbər beynəlxalq tədbirlərdə birmənalı şəkildə ifadə edən dövlətimizin başçısı bu dəfə də dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn prinsiplərinin gözlənilməsinin vacibliyini qeyd edib, bu prinsipə münasibətdə seçmə üsullu yanaşmaların, başqa sözlə desək, ikili standartların kənara qoyulmasının önəmini vurğulayıb.”
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Praqada keçirdiyi görüşlər Azərbaycan və Ermənistan arasında sülh prosesinin sürətlənəcəyinə dair böyük ümidlər verir:“ Substantiv görüşlər sülh sazişinin imzalanmasını tezləşdirə bilər. Dövlətimizin başçısı Praqada Azərbaycan televiziya kanallarına müsahibə verərkən xüsusi olaraq vurğuladı ki, davamlı sülhə nail olunması prosesində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin fəaliyyətini yüksək qiymətləndirir. Çünki həm Brüsseldə bir neçə dəfə keçirilmiş üçtərəfli görüşlər, həm də Praqada Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makron tərəfindən təşkil edilmiş dördtərəfli görüş tərəfləri hər dəfə sülhə daha da yaxınlaşdırır. Cənab Prezident İlham Əliyev artıq hər iki ölkənin işçi qrupları tərəfindən bilavasitə sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olmağın vaxtı çatdığını da qeyd etdi.”
K.Qafarov Azərbaycan–Avropa İttifaqı münasibətlərinin əsas inkişaf istiqamətləri barədə Prezident İlham Əliyevin açıqlamalarının əhəmiyyətini vurğulayaraq deyib: “Jurnalistlərin suallarını cavablandıran dövlət başçımız qeyd etdi ki, Azərbaycan-Avropa İttifaqı əməkdaşlıq əlaqələrində əsas istiqamət kimi enerji sahəsi aparıcı rol oynayır. Bu baxımdan əlbəttə ki, bu ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumu xüsusi əhəmiyyət kəsb edir.
Artıq sirr deyil ki, Avropada Azərbaycanın enerji resurslarına böyük tələbat var və bu tələbat getdikcə artır. Hazırda dünyada, o cümlədən Avropada gedən proseslər, mövcud olan geosiyasi vəziyyət Azərbaycanın resurslarına tələbatın bundan sonra da artacağını proqnozlaşdırmağa əsas verir. Digər tərəfdən isə Azərbaycan–Avropa İttifaqı əməkdaşlıq əlaqələrinin nəqliyyat sahəsində də inkişaf etdirilməsi üçün yeni perspektivlər yaranıb. Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün də çox önəmlidir. Həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir.
Ölkəmiz regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu, xüsusilə Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin inkişafına mühüm töhfədir”.