“Türkiyə Prezidenti Ərdoğan faktiki olaraq yeni ilkin tələbi elan etdi ki, bu da Ermənistanın kapitulyator hökumətinin başçısı yeni kapitulyasiyanı - sülh müqaviləsini imzalayacağı anda gələcək”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə liderinin Azərbaycana səfərinə münasibət bildirən erməni türkoloq Varujan Qeqamyan deyib.
“Ərdoğan bu tələbi Cəbrayılda olarkən açıq formada dilə gətirdi. Bu da Azərbaycanın 30 illik işğala görə Ermənistandan tələb edəcəyi təzminatla bağlıdır”, - ekspert bildirib.
Qeqamyan bu tələbin əvvəllər Azərbaycan tərəfindən də gündəmə gətirildiyini söyləyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl Ermənistanın 30 illik işğala və bu dövrdə törətdiyi cinayətlərə görə təzminat ödəməli olduğunu açıqlayıb:
“Sağıma, soluma baxıram. Gör işğal dövründə Cəbrayılı nə hala gətiriblər?! Qardaşıma sual verdim və dedim ki, aidiyyəti beynəlxalq təşkilatlar gəlib bu mənzərəni heç görmədimi? Yox, gəlmirlər dedi. Niyə gəlmirlər, çünki öz üzqaralarını, Qərbin etdiklərini görəcəklər. Çünki dəstək verdikləri Ermənistanın işğal müddəti içərisində Cəbrayılı, digər bütün Qarabağı nə hala saldıqlarını görəcəklər. Təbii ki, bütün bunları görmək istəmirlər. Əslində, onlar nələr edildiyini bilirlər. Ona görə də baş verənlərin təzminatını tələb etmək lazımdır. Bununla da onları dalana dirəmək lazımdır”.