“Azərbaycanın indiyədək İsraildə səfirlik açmamasının səbəbi qətiyyən İranla əlaqəli deyil”.
Bunu məsələ ilə əlaqədar Teleqraf.com-a açıqlamasında jurnalist Elçin Alıoğlu deyib.
Jurnalist Azərbaycanın İsraildə səfirliyinin açılması üçün zəmin yarandığını bildirib:
“Biz indiyədək İsraildə səfirliyi bizim etibarlı müttəfiqimiz, tərəfdaşımız olan Bəsrə Körfəzi ölkələrinin maraqlarını nəzərə alaraq açmırdıq. Yəni Ermənistanı dövlət kimi tanımayan Səudiyyə Ərəbistanı, Ermənistanla əlaqə qurmaqdan boyun qaçıran Qətər, Oman, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi tərəfdaşlarımızın maraqlarını nəzərə alaraq bunu etmirdik. Bu da İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda İslam dünyası çərçivəsində həmrəyliyimizin nümayişi idi. Çünki həmin ölkələrlə çox pis münasibətləri olan bir dövlətdə bizim səfirlik açmağımız o qədər də anlayışla qarşılanmayacaqdı. Artıq Səudiyyə Ərəbistanının özü İsraillə əlaqələr qurmağa başlayıb. Birləşmiş Ərəb Əmirliklərinin ən strateji nöqtələrinin və obyektlərinin qorunmasına İsrailin “Barak” hava hücumundan müdafiəs sistemləri cəlb olunub.
Üstəgəl, Bəsrə Körfəzində və Yaxın Şərqdə İsrailin təşəbbüsü ilə vahid hava hücumundan müdafiə sistemi qurulur. Bu da İrana qarşı yaradılır. Daha doğrusu, İranın raketlərindən və dronlarından, eləcə də proksi qüvvələrindən qorunmaq üçün.
Belə bir şəraitdə niyə biz müttəfiqlərimizin yolunu getməməliyik? Əgər bizim müttəfiqlərimiz Səudiyyə Ərəbistanı, Qətər və digərləri İsraillə münasibətlərini normallaşdırırsa, biz niyə Təl-Əvivdə səfirlik açmamalıyıq? Zatən, bizim indiyədək orada nominal səfirlik kimi fəaliyyət göstərən Ticarət Nümayəndəliyimiz var. İsrail dövləti və yəhudi xalqı da həmişə Azərbaycana dəstək olub, iki ölkə və xalq arasında sirdaş, dost və qardaş münasibətləri var. Bu halda da İsraildə səfirliyin açılmasına bir problem görmürəm. Yenə deyirəm: bu durumda mütləq şəkildə Səudiyyə Ərəbistanının, Omanın, Qətərin və bizə dost olan digər dövlətlərin mövqeləri nəzərə alınır”.
Elçin Alıoğlu Azərbaycanın indiyədək İsraildə səfirlik açmamasının səbəbinin İranla bağlı olmadığını bildirib:
“Bunun qətiyyən İranla əlaqəsi yoxdur. İranla biz sadəcə qonşuyuq, tərəfdaşıq. Biz İrana edə biləcəyimiz hər şeyi etmişik. Unutmayaq ki, cənab Prezident illər əvvəl bəyan edib ki, Azərbaycan ərazisindən İrana qarşı üçüncü dövlət tərəfindən istifadə edilməsinə icazə verilməyəcək. Yəni Qərb ölkələrinin Azərbaycab ərazisində hərbi bazaları yaradılmayacaq. Biz sözümüzün üstündə dayanmışıq. Amma bunun müqabilində İran otuz ildir əlindən gələni edir ki, biz dövlət kimi yox olaq.
İran heç vaxt bizi dövlət kimi görməyib: gah “Arran”, gah “Muğan”, gah da “İranın şimalındakı torpaqlar” deyib. Bəli, İranın dini rəhbəri, prezidenti və digər rəsmiləri “həmrəylik”, “ərazi bütövlüyü”, “sərhədlərin toxunulmazlığı” və s. kimi bəyanatlar veriblər. Amma bunlar sadəcə quru sözlərdir, reallıqda isə İran həmişə Ermənistanı dəstəkləyib, dəstəkləyir, bundan sonra da bunu edəcək”.
Qeyd edək ki, İsrail Dövlət Televiziyası yaxın vaxtlarda İsraildə Azərbaycan səfirliyinin açılacağı ilə bağlı məlumat yayıb. Mənbə gecikmənin əsasən texniki məsələlərlə bağlı olduğunu, bu yöndə rəsmi Bakı və Təl-Əviv arasında danışıqların getdiyini bildirib.