Ermənistan rəsmi qurumları Tiflisdə Azərbaycan və Ermənistan liderlərinin görüşünün planlaşdırılması barədə mediada yayılan məlumatları təkzib edib.
Bildirilib ki, belə bir görüş planlaşdırılmır.
11:26
***
“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Gürcüstanın paytaxtı Tiflisdə imzalanacaq”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yazır.
Nəşr bildirir ki, Ermənistan hakimiyyətinin Soçidə imzalanmış sənəddən narazılığı və Rusiyanın acizliyindən məyusluğu onu daha güclü və nüfuzlu vasitəçiyə müraciət etməyə məcbur edəcək:
“Məsələn, Qərb kimi. Moskvanın vasitəçiliyi ilə “Qarabağın müstəqilliyi”nin beynəlxalq səviyyədə tanınmasına nail olmaq mümkün olmadı”.
Qəzetin yazdığına görə, Ermənistan hakimiyyəti bu mənada Praqa prosesinə ümid edir.
Soçi prosesi sülh gündəmini nəzərdə tutmur, burada sülh müqaviləsindən bəhs edilmir. Bu arada Paşinyan sülh dövrünün başlanğıcından xəbər verəcək belə bir sənədi tez bir zamanda imzalamalıdır. Əldə etdiyimiz məlumata görə, belə bir sənəd noyabrın sonuna qədər və ya heç olmasa dekabrın əvvəlində imzalana bilər. Nə qədər təəccüblü olsa da, müqavilənin Tiflisdə imzalanması planlaşdırılır. Gürcüstan ümumqafqaz sülhünün vasitəçisinə və simvoluna çevrilə bilər. Eyni zamanda, həmin sənədlə bütün Cənubi Qafqaz Qərbin bu regionda maraqlarının operatoru kimi Türkiyəyə verilir. Əldə etdiyimiz məlumata görə, Gürcüstanda Əliyevlə Paşinyanın görüşünə və sülh erasından xəbər verən sənədin imzalanmasına fəal hazırlıq gedir”, - nəşr vurğulayır.
Qəzetin iddiasına görə, Ermənistan bu sənədin imzalanması ilə Qarabağa “iddia”sından rəsmən vaz keçəcək:
“Ermənistan heç bir şəkildə Qarabağ məsələsinə qarışmayacağına dair üzərinə öhdəlik götürəcək. Qarabağ erməniləri bununla Ermənistan vətəndaşlığından məhrum ediləcək və İrəvandan ora maliyyənin ayrılması dayandırılacaq. Bu yöndəki digər anlaşmalar da pozularsa, bu, separatizm və terrorizmi himayə etmək və maliyyələşdirmək kimi qiymətləndiriləcək.
Qarabağ ermənilərinin iki seçimi olacaq: ya Azərbaycan vətəndaşlığını qəbul edir və Azərbaycan vətəndaşı kimi öz yaşayış yerlərində yaşamağa davam edirlər, ya da Ermənistan vətəndaşı kimi Ermənistanda yaşayırlar”.
Nəşr Prezident İlham Əliyevin Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərin, ilk növbədə Xocalının dərhal Azərbaycan ordusunun nəzarətinə verilməsini tələb etdiyini də iddia edib.
“Əliyev bu sazişin imzalanacağını nəzəri olaraq Soçidə elan etdi. O, Qarabağ məsələsinin artıq həll olunduğunu, bu mövzuda müzakirə aparılmayacağını bildirdi.
Rusiya sülhməramlılarına gəlincə, ermənilərin bir hissəsi getdikdən və qalan hissəsi Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra onların həmin ərazidə qalmaları tamamilə mənasız olacaq. Azərbaycan bəyan edəcək ki, bu insanlar öz ölkəsinin vətəndaşlarıdır və Azərbaycan onların hüquqlarını, təhlükəsizliyini təkbaşına təmin etməyə qadirdir. Qarabağın tam təhvil verilməsindən sonra artıq Qarabağı Ermənistanla birləşdirən dəhlizdən söhbət gedə bilməz. Dəhliz olmayacaq”, - nəşr qeyd edir.
Qəzet Baş nazir Nikol Paşinyanın artıq bu ssenariyə razılıq verdiyini yazır:
“Paşinyan Qarabağ məsələsinin həllinin rus variantını seçdiyini deyəndə, yenə yalan danışıb, çünki məsələnin həllinin Qərb variantını çoxdan seçib. Sadəcə Soçidə bəyanatın altına imza atıb ki, özünə haqq qazandırsın ki, siz Rusiya və onun Prezidenti Putinin Qarabağı qorumaq iqtidarında olmadığını görmüsünüz, mən tək nə edə bilərəm?”.