10 Noyabr 2022 12:20
1 578
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moskvanın Ukraynanı işğal etməklə “İkinci SSRİ” yaratmaq xəyalı MDB-nin də dağılması ilə yekunlaşacaq”.

Teleqraf.com xəbər verir ki, bunu ReAl partiyası sədrinin müavini Natiq Cəfərli deyib.

Partiya rəsmisi Rusiya-Ukrayna müharibəsi ətrafındakı gəlişmələrə diqqət çəkib:

“Rusiyanın Ukraynada bataqlığa düşməsi aydın görünür. Əgər onları bu bataqlığa itələyənləri görmədilərsə, öz günahlarıdır, indi də çapaladıqca daha dərinə batırlar. Ukraynaya SSRİ-ni bərpa edəcəyi xülyası ilə girən Rusiya artıq MDB-nin, KTMT-nin dağılmasının da əsasını qoydu.

KTMT-nin oyuncaq, mənasız qurum olduğu, de-fakto işlək institut olmadığı Ermənistanın ilk həyasızlığından sonra üzə çıxdı. İndi isə Rusiyanın özü tərəfindən bilmədən də olsa, “qətlə yetirilir”.

KTMT-nin nizamnaməsinə görə, təşkilata üzv dövlətlərin ərazi bütövlüyünə təhdid yaranarsa, ərazi bütövlüyü pozularsa, ərazisinə hücum olarsa, bütün ölkələr təcavüzə uğrayan ölkəyə yardım etməli, həmin üzv ölkə tərəfindən savaşa daxil olmalıdırlar. 40 gün öncə Rusiya müstəsna həyasızlıqla Xerson, Zaparoje, Donbas bölgəsini öz ərazisi elan etdi. Rusiyanın indiki Konstitutsiyasına görə, həmin bölgələr Rusiya Federasiyası ərazisidir. Öz qanunlarına və KTMT-nin qaydalarına görə, indi Rusiya “təcavüz”ə uğrayıb, “işğal”a məruz qalır, “əraziləri” atəşə tutulur, torpaq itkisi ilə üzləşir.

Amma görünən odur ki, Rusiya öz müttəfiqləri olan KTMT bir qırağa, heç öz əhalisinə belə, məsələn, Xersonun “Rusiya torpağı” olduğuna inandıra bilməyib, Kremlin əsl məğlubiyyəti məhz budur”.

Natiq Cəfərli Rusiyanın yeni imperiya planının iflasa uğradığını bildirib:

“Moskvanın Ukraynanı işğal etməklə “İkinci SSRİ” yaratmaq xəyalı MDB-nin də dağılması ilə yekunlaşacaq. MDB-nin dağılması ilə postsovet məkanında yeni ittifaqlar qurulacaq. Bu coğrafiyada ən işlək və dayanıqlı ittifaq modellərindən biri məhz Türk Dövlətləri Təşkilatı ola bilər. Sabah Səmərqənddə TDT liderlərinin toplantısı bu yolda atılacaq növbəti addım kimi dəyərləndirilməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər