15 Noyabr 2022 13:53
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyənin Azərbaycandan istəyi budur ki, Şimali Kipr Türk Cümhuriyyəti ilə əlaqələrimizi sıxlaşdıraq”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Azərbaycan - Şimali Kipr Türk Cümhuriyyəti əlaqələrinə diqqət çəkib:

“Şimali Kipr Türk Cumhuriyyəti bu gün müstəqilliyinin 39-cu ilini qeyd edir. Türkiyə ordusu 1974-cü ildə Kiprə daxil olmasaydı, adada türk qalmayacaqdı, yunanlar qətliamı davam etdirəcəkdilər. Bu tarixin üstündən doqquz il keçdikdən sonra Kiprin əfsanəvi lideri Rauf Denktaş Şimali Kipr Türk Cumhuriyyətini elan etdi.

Rəhmətlik Rauf bəylə 1998-ci ildə görüşmək imkanım olmuşdu, o, ada ilə Azərbaycan arasında sıx təmasların tərəfdarı idi. İkinci dəfə Kiprdə 2014-cü ildə oldum. Adanın o zamankı prezidentinə və xarici işlər nazirinə suallar vermək imkanım oldu. Onlar da Rauf bəyin dediyini təkrarladılar: “Azərbaycanla əlaqələrin inkişafını istəyirik”.

Elxan Şahinoğlu hesab edir ki, Kipr Türk Cümhuriyyəti ilə müxtəlif formalarda əlaqələri sıxlaşdırmaq üçün imkanlar var:

“Qarabağ münaqişəsi və torpaqlarımızın işğal altında olması Azərbaycanın Kiprlə sıx əlaqələrinə əngəl kimi qiymətləndirilirdi. Azərbaycanın Kipri tanıması halında Yunanıstanın da Qarabağ separatçılarını tanıması təhlükəsi haqda fikirlər səsləndirilirdi. Tanımaq şərt deyil, bunun əvəzinə Kiprlə iqtisadi, humanitar əlaqələr genişləndirilə, azərbaycanlı turistlərin Türkiyə üzərindən adaya turları təşkil edilə bilər. Türkiyənin Azərbaycandan və digər türk dövlətlərindən istəyi budur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər