25 Noyabr 2022 16:48
1 810
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Artıq Fransanın Ermənistan-Azərbaycan danışıqlarında yeri olmayacaq”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiyyə Məmmədova deyib.

Ekspert açıqlamasında Fransanın Azərbaycan əleyhinə son təxribatçı addımlarına diqqət çəkib:

“Fransa həmişə ermənipərəst olub. Eyni zamanda, Fransa bu gün Türkiyəyə hansı münasibəti sərgiləyirsə, Azərbaycana qarşı da o mövqedə dayanır. Ermənilərin Fransada güclü lobbisi var. Eləcə də erməni diasporunun pulları ilə fəaliyyət göstərən siyasətçilər kifayət qədərdir. Lobbi və diaspor bir sıra məsələlərlə bağlı Fransanın siyasətinə təsir göstərə bilirlər. Fransa bu günədək Ermənistanı gizli dəstəkləyirdisə, indi bunu aşkar formada edir. Fransanın bu mövqeyi Makronla bağlı deyil. Makronun yerində kim olur-olsun, Fransa bu mövqedən çıxış edəcək. Təbii ki, Makron da ermənipərəst siyasətçidir, bunu gizlətmir də. Fransa Senatının əksər üzvləri də onun kimi.

Fransa Senatının qərarlarında, Makronun bəyanatlarının dizayn edilməsində ermənilərin pulları mühüm rol oynayır. Ümumiyyətlə, pul haradan gəlirsə, fransız siyasətçilər səslərini də ora yönəldə bilirlər. İndi ermənilər verirlər deyə, onların sözlərini deyirlər. Dediyim kimi, Fransa indiyədək Azərbaycanla münasibətlərini korlamamaq üçün bunu gizli edirdi. Amma 44 günlük müharibənin nəticəsi Fransanı qəzəbləndirdi və bunu həzm edə bilmir. Müharibədən sonra Türkiyənin bölgədə artan nüfuzu da Fransanı ciddi şəkildə əndişələndirir.

Deyim ki, fransalı siyasətçilər ermənilərin qara gözlərinə aşiq olmayıblar. Ermənilər pul verirlər, onlar da hansı havanı çalsalar, onu da oynayırlar”.

Ramiyə Məmmədova hesab edir ki, artıq Fransa Ermənistan-Azərbaycan danışıqlarında vasitəçilik etmək imkanlarından məhrum olub:

“Fransanın birtərəfli mövqe tutması onu prosesdən kənarda saxladı. İndi Nikol Paşinyan çox çalışır ki, Makron da danışıqlarda iştirak etsin. Amma Azərbaycan rəhbərliyinin bununla razılaşacağını düşünmürəm. Artıq Prezident İlham Əliyev öz sözünü deyib. O, Makronun iştirakı ilə görüşün keçirilə bilməyəcəyini bildirdi. Doğru qərardır.

Bütün bunlara görə məsuliyyət Makronun üzərindədir. Öz ölkəsinin maraqlarına zərbə vuran odur. Bundan sonra Fransanın səmimiyyətinə inanmaq mümkün deyil. Paşinyan və Makron nə qədər çalışsa da, artıq Fransanın masada yeri olmayacaq. Düşünürəm ki, bunu onların özləri də bilirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər