Təkcə bir ayda məbləğ 15 milyon dollar böyüyüb; ekspertlərə görə, işğalçı ölkə belə vəziyyətə Azərbaycanla silahlanma yarışına girib imkanından artıq silah-sursat aldığı üçün düşüb...
Azərbaycan öz ərazilərinin işğal altında olmasını nəzərə alaraq hər il hərbi büdcəsini artırır, ordusunu ən müasir silah-sursatla təmin eləməyə çalışır. Bu, ölkəmizin doğal haqqıdır. Çünki ərazi bütövlüyü pozulmuş istənilən ölkə öz müdafiə qabiliyyətini yüksəltməklə bərabər, hücum ordusu qurmağa səy edir.
Əfsus ki, torpaqlarımızın qeyd-şərtsiz boşaldılmasını tələb edən BMT, Avropa Şurası və Avroparlamentin qətnamələri hələ də kağız üzərində qalıb. Hələ ki, münaqişənin dinc nizamlanması ilə məşğul olan böyük gücləri də erməni təcavüzünə son qoymaq, Azərbaycanın ədalətli tələblərinin yerinə yetirmək maraqlandırmır.
Halbuki, BMT Təhlükəsizlik Şurasının Qarabağa dair 4 məlum qətnaməsinin həyata keçirilməsi Şuranın 5 daimi üzvündən üçü - ABŞ, Rusiya və Fransanın birbaşa görəvidir. Onlar isə illərdir Minsk Qrupu çərçivəsində münaqişə tərəflərinə bərabər gözlə baxır, Ermənistanla yanaşı Azərbaycandan da güzəştlər tələb edirlər.
Problem də ondadır: ərazisinin 20%-i işğal edilmiş Azərbaycandan ermənilərin xeyrinə güzəşt istənilir. Aydındır ki, söhbət ərazi (torpaq) güzəştindən gedir. Demək, Azərbaycan ən çox özünə güvənməli, bir də qardaş Türkiyə ilə hərbi və hərbi-texniki əməkdaşlığı ən yüksək səviyyəyə qaldırmağa nail olmalıdır. Hələ ki, gərəkən addımlar atılır, qarşılıqlı fəaliyyət ildən-ilə genişlənir və yəqin ki, 2015-ci ilin özəllikləri nəzərə alınaraq əməkdaşlıq daha da sürətləndiriləcək.
Heç şübhəsiz həm də bunun göstəricisidir ki, Azərbaycan Qlobal Hərbiləşmə İndeksi - 2014 (GMİ) reytinqində 152 ölkə arasında ilk 10-luqda yer alıb. Xəbər verildiyi kimi, bu barədə Bonn Beynəlxalq Konversiya Mərkəzinin yaydığı məlumatda deyilir. Onluğa həmçinin, İsrail, Sinqapur, Ermənistan, Suriya, Rusiya, Kipr, Cənubi Koreya, İordaniya, Yunanıstan daxildir.
Reytinqi tərtib edənlər Ermənistan və Azərbaycan arasında xeyli müddətdir ki, davam edən münaqişəyə xüsusi diqqət ayırıblar. Ekspertlər qeyd edir ki, hər iki ölkənin ordusuna silahı Rusiya tədarük edir. Ancaq Azərbaycan bəlli olduğu kimi öz hərbi parkını başqa ölkələr - İsrail, Belarus və Ukrayna hesabına da komplektləşdirir.
Qeyd edək ki, Qlobal Hərbiləşmə İndeksi dövlətin hərbi aparatının cəmiyyətə nisbətən çəkisi və əhəmiyyətini əks etdirir. O, hərbi xərclərin ÜDM-ə və səhiyyə xərclərinə nisbətini, həmçinin ağır silahlar və ölkə əhalisinin sayının nisbətini nəzərə alır. Yəni əslində Ermənistanın onluğa düşməsi və Azərbaycanı qabaqlaması onun hərbi qüdrətinin Azərbaycandan üstün olması anlamına gəlmir. Bu, yalnız hərbi xərclərin azsaylı əhaliyə nisbətdə böyük olması hesabına mümkün olub. Çünki Azərbaycan təkcə hərbi büdcəsi Ermənistanın ümumi büdcəsindən böyükdür.
Yəni söhbət düşmən ordusunun göstəricilərinin, döyüş qabiliyyətinin Azərbaycan silahlı qüvvələrinkindən üstün olmasından getmir. Bu, mümkün də deyil. Qənaətimizi düşmən ölkənin müdafiə naziri Seyran Ohanyanın son açıqlaması da təsdiq edir. Ermənistan ombudsmanı tərəfindən İrəvanda təşkil edilən dəyirmi masada çıxış edən Seyran Ohanyan bildirib: “Ermənistan ordusunda kriminal təfəkkür hakimdir. Orduda hələ də ”blatnoy" romantika hökm sürür". Onun sözlərinə görə, orduda hökm sürən kriminal təfəkkür üzündən yazılmamış qanunlar qüvvədədir: “Həmin qanunlarla yaşayanlar ”şikayət etməyi" kişi işi saymır, “problemləri özləri həll edirlər”. Bu isə Ermənistan ordusunda baş verən cinayətlərin kökündə durur".
Bundan əlavə, Ermənistan ordusunun çağırışçı problemi yaşadığı da faktdır. İşğalçı ölkənin həll edə bilmədiyi ən böyük problem isə ildən-ilə ağırlaşan iqtisadi-maliyyə vəziyyətidir. Bunun nəticəsi olaraq Ermənistanın dövlət borcu ildən-ilə artır. Yerli qəzetlərin yazdığına görə, noyabrın 1-ə olan tarixə ölkənin dövlət borcu 4 milyard 464 milyon 796 min dolları keçib. Bu, daim yenilənən mütləq rekorddur. Yalnız 1 ay ərzində dövlət borcunun məbləği 15 milyon dollardan çox artıb. Milli valyuta olan dramın qiymətinin düşməsi ilə iqtisadi iflas daha da dərinləşməkdədir.
Ekspertlər isə hesab edir ki, Azərbaycanla silahlanma yarışına çıxmış Ermənistan bu vəziyyətə imkanından artıq silah-sursat alması üzündən düşüb. İqtisadçılar həm də bildirirlər ki, son illərdə ölkəyə humanitar yardım adı altında verilən vəsaitlər də azalıb. Rəsmi İrəvan həmişə bu vəsaitlərə ümid bağlayıb. Hətta erməni diasporu da Ermənistana göndərilən pul axınının xeyli azaldıb. Görünür, erməni qəzetlərinin yazdığı kimi, məhz ciddi iqtisadi problemlər üzündən hökumət parlamentdən təcili olaraq növbədənkənar sessiyaya yığışmağı xahiş edib. Sessiya bu gün keçiriləcək.
Rusiyadan Ermənistana fərdi pul köçürmələr də kəskin azalıb. Yalnız 2014-cü ilin oktyabr ayında Ermənistan miqrantlarının İrəvandakı ailələrinə göndərdikləri pullar həmişəkindən 32,5 milyon dollar az olub. Nəticədə, Rusiyadan transfert alanların gəliri keçən ilin oktyabr ayına baxanda 20 faiz azalıb. Bu, ailə büdcəsi üçün ciddi zərbədir. /musavat.com/