"Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızı bu gün "Liatris Holding”in təşkilatçılığı ilə "Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti" adlı tədbirdə çıxış edib.
Teleqraf.com xəbər verir ki, tədbirin əhəmiyyətindən danışan Aynur Camalqızı məişət zorakılığının bir qolu kimi narkotiklə mübarizə məsələsinin müzakirəyə çıxarılmasını təqdirəlayiq hal kimi dəyərləndirib:
“Məişət zorakılığı bütün cəmiyyətlərdə olduğu kimi, Azərbaycanda da çox ağrılı məsələdir. Tədbirdə son dərəcədə vacib və önəmli fikirlər səsləndirilir. Düşünürəm ki, məişət zorakılığının, narkotikdən istifadəyə yuvarlamanın səbəblərindən və onun təsvirindən çox təkliflərə üstünlük verək. Burada çox maraqlı təkliflər də səsləndirildi.
Fikrimcə, "Liatris Holding”in rəhbəri Ruhi Əliyevanın nəzarəti altında tədbirdən sonra bu təklifləri bir yerə toplayıb müvafiq dövlət qurumlarına, hüquq-mühafizə orqanlarına təqdim etmək lazımdır. Çünki həqiqətən problemlərin həllini, intensiv və effektiv hüquqi bazasının formalaşdırılmasını istəyiriksə, bu təkliflər daha çox köməyimizə çata bilər. Bu məsələlərdə maarifləndirmə işinin daha intensiv şəkildə aparılmasına tərəfdaram".
Aynur Camalqızı hesab edir ki, cəmiyyətin bütün spektri bu prosesdə fəal iştirak etməlidir: "Bu istiqamətdə qeyri-hökümət təşkilatları, ziyalılar, millət vəkilləri, aidiyyəti dövlət qurumları fəal iş aparmalıdırlar. Burada medianın rolu və vəzifələrini xüsusi vurğulamaq istəyirəm. Medianın üzərinə çox böyük iş düşür. Biz bu işləri görürük, amma təəssüf ki, baş verən hadisələrə tam adekvat olmaq həmişə alınmır.
Bəzi media orqanlarında məişət zorakılığı, narkotiklə bağlı xəbərlər daha çox reklam kimi təqdim edilir, buna da şahid oluruq. Sanki bunu təbliğ edirlər. Çox təəssüf ki, bu, qeyri-peşəkarlıqdan irəli gəlir, amma həm də bir reallıqdır. Dünya təcrübəsində, ümumiyyətlə, aparıcı media quruluşlarında, Qərbdə bu məsələlərin necə həll olunması təhlil edilməlidir.
Bu kimi halları izləyirəm və xüsusi qeyd etmək istəyirəm ki, bu gün günortaya qədər media qurumlarımızda məişət zorakılığı yönündə iki xəbər paylaşılıb. Məsələn, “qadın ərini bıçaqladı”, “ər arvadını öldürdü” kimi xəbərləri yayırıq, amma onun doğurduğu nəticələri qeyd edirikmi?
Düşünürəm ki, biz həmin xəbərlərin sonunda mütləq bu hadisələrin doğurduğu nəticələri - onların həbs həyatı yaşamasını, ailələrinin dağılmasını, uşaqların valideynsiz qalmasını və sonrakı həyatları ilə nəticələri mütləq qeyd etməliyik. Hesab edirəm ki, işin təbliği nöqteyi-nəzərdən bu kimi qeydlərin çox böyük rolu ola bilər”.
Aynur Camalqızı sosial çarxların hazırlanması vacibliyinə də toxunub: “Bu gün bu tədbirdə yaxşı bir nümunə göstərərək aktyorların ifasında bir səhnəcik təqdim etdiniz. Son dərəcə təsirli bir tamaşa idi. Düşünürəm ki, televiziya kanallarında bundan istifadə oluna bilər. Regionlarımızda bəlkə də internet hamı üçün əlçatan deyil, amma hər kəsin evində televizor var. Ona görə də televiziya kanallarının gücündən geniş şəkildə istifadə etmək lazımdır.
Ümumiyyətlə, televiziya kanalları sosial çarxların yayımına mütləq yer verməlidirlər. Bizim müvafiq qanunvericiliyinə görə, sosial çarxlar reklam deyil və buna görə pul ödənməməlidir. Bu üsullardan istifadə etməklə, maarifləndirmə işini artırmaqla xüsusilə gənclərimizə təsir göstərməyə çalışmalıyıq.
Bu cür tədbirlər mütləq orta məktəblərdə keçirilməlidir. Təəssüf ki, yeniyetmələr daha tez təsir altına düşürlər. Yaxın günlərdə sosial şəbəkələrdə bir video yayıldı. Əvvəlcə hər kəs elə bildi ki, bu görüntülər narkomanların təsadüfən yayılmış videosudur. Qadınla kişi yıxılırlar, ayağa qalxıb, yolu keçməyə çalışırlar, lakin keçə bilmirlər. Sonra məlum oldu ki, bu, sosial çarx imiş və onu çəkənlər elə aktyorlardır.
Amma mən Bakı şəhərində buna bənzər epizodu yaxın günlərdə real olaraq gördüm. Küçəni keçmək istəyən cavan bir qadınla kişi yolu keçə bilmirdi. Yıxılırdılar, ayağa qalxırdırlar, bir-birindən yapışırdılar. Sanki özlərini idarə edə bilmirdilər. Dəhşətə gəldim ki, bizdə bu cür insanlar var. Cavan qadın və kişi idi. Həddindən artıq arıqlamış və xəstəyə oxşar görünüşləri var idi.
Aydın görünürdü ki, narkotikdən istifadə edirlər. Çox təəssüflər olsun ki, bu hadisələr artıq evimizin kandarındadır. Bunu evimizin içərisinə buraxmamaq öz əlimizdədir. Hər birimiz bu işdə mütəşəkkil olaraq, bir-birimizin əlindən tutaraq cəmiyyətimizi bu problemdən qurtara bilərik”.