5 Dekabr 2022 21:28
2 397
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tehran rejimi Azərbaycanın müstəqilliyini qəbul etmək istəmir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin İranla sərhəddə keçirilən birgə təlimlərinə diqqət çəkib:

“İran daha bir NATO ölkəsiylə qonşu oldu. Azərbaycan NATO üzvü olmağa çalışmır, Brüsselə belə bir müraciəti yoxdur. Bununla yanaşı, Azərbaycan NATO-nun əsas üzvlərindən biri – Türkiyə ilə strateji müttəfiqidir. Azərbaycan və Türkiyənin vahid ordusu formalaşırsa, bu elə Azərbaycanın NATO-nun tərkib hissəsinə çevrilməsi deməkdir.

İranın Araz çayına yaxın ərazidə hərbi təlimlərdə iki məqsədi vardı. Birinci məqsədi, Azərbaycanı qorxutmaq, ikinci məqsədi, rəsmi Bakını xarici siyasətdə Tehranın xeyrinə korrektəyə məcbur etmək idi. Tehran tam əks nəticələrlə üzləşdi. Azərbaycan İranın hərbi təlimlərinə öz təlimləriylə cavab verdi, növbəti təlimi strateji müttəfiqi Türkiyə ilə başladı, İranın erməni separatçılarıyla bütün bağları faş edildi, Tehranın təxribatlarına adekvat cavab verildi, Bakıda Güney Azərbaycan amili ön plana çıxardıldı.

Görəsən, Tehran bütün bunların baş verəcəyini əvvəlcədən bilsəydi, sərhəddə hərbi təlimlər keçirib Qafanda Azərbaycan əleyhinə konsulluq açardımı? Fikrimcə, yenə edərdi, çünki Tehran rejimi Azərbaycanın müstəqilliyini qəbul etmək istəmir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər