30 Dekabr 2022 19:13
1 291
12 Punto 14 Punto 16 Punto 18 Punto

“UNİCEF-in İrəvan ofisi Laçın yolu ilə bağlı məlum bəyanat yayıb. Belə ki, UNİCEF bəyanatda beynəlxalq normaları pozaraq “Dağlıq Qarabağ” ifadəsi işlədib. Bütün beynəlxalq təşkilatlar bilməlidir ki, Azərbaycanda “Dağlıq Qarabağ” adında inzibati ərazi yoxdur. Qarabağ iqtisadi rayonu var və ermənilər də bu rayonun dağlıq ərazisində məskunlaşıblar”.

Bunu Teleqraf.com-a Milli Məclisin üzvü Azər Badamov deyib.

Deputat beynəlxalq təşkilatlara Azərbaycanın suveren hüquqlarına zidd, ermənilərin maraqlarına xidmət edən ikili standartlara söykənmiş hərəkətlərdən çəkinməyə çağırış edib: “Azərbaycanın ərazi bütövlüyü BMT tərəfindən tanınıb. Beynəlxalq təşkilatların açıqladıqları bəyanatlarda inzibati ərazilərimizin adları Azərbaycanın suveren ərazi bütövlüyünə hörmətlə yanaşmalı və təqdim etdiyimiz toponimlərə uyğun olmalıdır.

Bəyanatda Laçın yolunun bağlanmasının uşaqlara təsir etdiyi, onların yaşaması, sağlam böyüməsi və rifahı üçün lazım olan əsas xidmətlərə çıxışlarının məhdudlaşdırıldığı ifadə edilib. Maraqlıdır, UNİCEF-in İrəvan ofisi Laçın yolu vasitəsilə hər gün Xankəndiyə humanitar yüklərin daşındığını, hərəkətə məhdudiyyətinin və yolun bağlı olmadığını görmürmü? Əgər UNİCEF-i erməni uşaqlarının hüquqları narahat edirsə, hərbi təlimlərə cəlb olunmuş uşaqlar barəsində niyə səsini çıxarmır? Azərbaycanın istəyi Qarabağın dağlıq ərazisində yaşayan vətəndaşlarımız olan erməni əsilli uşaqları separatçıların girovluğundan azad etmək və normal böyüməsi üçün şərait yaratmaqdır.

Ekofəallarımız 19 gündür ki, sərt iqlim şəraitli yolda gecə-gündüz ermənilərin torpaqlarımızda davam etdirdikləri ekoloji terrora son qoyulması ilə bağlı dünyaya çağırışlar edir. Maraqlıdır, BMT və digər beynəlxalq təşkilatlar Azərbaycanın ictimai fəalların haqlı çağırışlarına niyə səsini çıxarmır?”

Azər Badamov hesab edir ki, beynəlxalq təşkilatların hərəkətləri regionda sülhün və sabitliyin yaranmasına xidmət etməlidir: “Sülh və sabitlik olanda uşaqlar da müdafiə olunur və sağlam böyüyür. Bu gün regionda sülhün yaranmasına mane olan tərəf Ermənistandır. Beynəlxalq ictimaiyyət ikili yanaşmalardan çəkinərək Ermənistana təzyiq göstərməli və regionda sülhün gəlişinin tezləşməsinə töhfə verməlidir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər